Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatıb, növbəti ildə onların açılışı gözlənilir.
Bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Onun sözlərinə görə, 2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi Xəstəxanalarında təmir-tikinti işləri başa çatıb və onlar da açılışa hazırdır:
"Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir".