• 5 Dekabr 2020
logo
Gələn ildən həkim çatışmazlığı problemi bu formada həll edilə bilər

Gələn ildən həkim çatışmazlığı problemi bu formada həll edilə bilər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə başladıqdan sonra regionlardakı həkim çatışmazlığı problemini hansı formada həll edə biləcəklərini açıqlayıb.

Agentliyin sədri Zaur Əliyev deyib ki, hazırda ölkədə 33 minə yaxın həkim var ki, onun da təqribən 20 mini “Təbib”in tabeliyində olan dövlət müəssisələrində çalışır. Eyni zamanda, həmin müəssisələrdə 40 minə yaxın orta tibb personalı çalışır:

“Amma dövlət müəssisələrində, xüsusilə regionlardakı müəssisələrdə böyük vakansiya var. Biz analiz apardıqda görürük ki, həkimlər daha çox Bakıda cəmləşiblər. Elə regionlar var ki, orada bir ixtisas üzrə bir həkim olur. İnanırıq ki, əməkhaqlarını stimullaşdırmaqla həkimləri regionlara cəlb edə biləcəyik. Biz həkim çatışmazlığı problemini həll etmək üçün belə bir əlverişli variant üzərində də düşünürük ki, rayonda hansısa bir ixtisas üzrə həkim çatışmazlığı varsa, həmin rayona həftənin müəyyən günlərində Bakıdan ixtisas həkimləri göndərək. Beləliklə də həmin rayonda həkim çatışmazlığı olan sahə üzrə xidmətlər göstərilməmiş qalmayacaq”.

Z.Əliyev əlavə edib ki, artıq ölkə xaricində çalışan azərbaycanlı peşəkar həkimlərin də bazasını formalaşdırmağa başlayıblar:

“Biz istəyirik ki, onları yenidən Azərbaycana qaytaraq. Onlara müraciət edərək demək istəyirəm ki, gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılır, onlar öz ölkəmizə gələrək burada xidmət göstərsinlər”.