• 30 İyun 2022
logo
Masaçusets Universitetinin azərbaycanlı professoru

Masaçusets Universitetinin azərbaycanlı professoru

O, uzun illər Azərbaycan Tibb İnstitutunun biokimya kafedrasının müdiri işləyən, sonradan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında biokimya kafedrasına rəhbərlik edən, 29 yaşından tibb elmləri doktoru olmuş, mərhum professor Akif Məmmədovun yadigarıdır.
Anası Rəna Əliyeva tibb elmləri namizədi idi. Ömrünün son illərini AMEA-nın Mikro Biologiya İnstitunda baş elmi işçi vəzifəsində çalışıb. Rəna xanımın atası İsgəndər Əliyev ötən əsrin 30-cu illərində yüngül sənaye naziri vəzifəsində işləyib, anası Pəri Həsənzadə isə "Şərq Qadını" jurnalının məsul katibi olub…
Haqqında söhbət açdığım Nazim Məmmədov 1958-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1975-ci ildə 6 nömrəli orta məktəbi bitirib. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsində ali təhsilə yiyələnib. 1981-1984-cü illərdə Təbiəti Mühafizə Komitəsinin hidrobiologiya laboratoriyasında işləyib. 1984-1988-ci illərdə AMEA-nin Nəbatət institutunun asperantı olub. 1988-ci ildə Moskva Dövlət Universitetində elmi işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1988-1994-cü illərdə Nəbatət institutunda elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Bir il doktoranturada oxusa da elmi tədqiqatlarını yarımçıq qoymaq məcburiyyətində qalıb. Londonda keçirilən "Kral Botanika Bağları"nın təşkil etdiyi konqressə dəvət alıb. Həmin tədbirdə bir neçə dəfə dərman bitkiləri haqqında məruzəylə çıxış edib. 1994-cü ildə ABŞ-ın Masaçusets ştatının Amherst şəhərinə gəlib. O vaxtdan Masaçusets Universitetinin Kənd təsərrüfatı fakultəsinin nəzdində olan dərman bitkiləri laboratoriyasında çalışır. Ötən müddət ərzində post doktor vəzifəsindən professor vəzifəsinədək yüksələ bilib. 2005-ci ildən həmin laboratoriyada tələbələrə dərs də deyir…
…Ömür-gün yoldaşı Səidə Səfiyeva da 1983-cü ildə BDU-nun biologiya fakultəsini bitirib. Amerikaya gələndən bir müddət sonra təhsilini davaim etdirərək 1999-cu ildə Masaçusets Universitetində magistr dərəcəsinə yiyələnib. Hazırda həmin universitetin laboratoriyasında kimyaçı işləyir. Dilbər adlı bir qızları var. Dilbər xanım valideynləri çalışdığı universitetdə ictimai səhiyyənin təşkili üzrə ali təhsil alaraq, oranı fərqlənmə diplomu ilə bitirib. Sonradan Kolumbia Universitetində magistr təhsili alıb. Hazırda Boston şəhərində ictimai səhiyyə üzrə dövlət işində çalışır. Azərbaycan dilində sərbəst danışa bilir...
Professor Nazim Məmmədov çox azad düşüncəli, təvazökar, geniş dünya görüşlü, insanpərvər, uzaq görən soydaşlarımızdandır. Yaşadığı şəhərə təhsil almağa gələn tələbələrə çox əl tutub, onların məişət problemlərinin həllində yaxından iştirak edib…
Deyir ki,- "Elmin dili ingilis dilidir. Qoy gənclərimiz bu dilə mükəmməl yiyələnsinlər. Dəqiq elmləri mənimsəməyə cəhd etsinlər. ABŞ-da dəqiq elmlərə yiyələnən gənclərə böyük üstünlük verilir. Mən istəyirəm ki, ABŞ-a ölkəmizdən çoxlu gənc gəlsin, buranın dünya səviyyəli universitetlərində təhsil alsınlar. Demirəm ki, qısa müddətdə elmdə Yapon xalqının səviyyəsinə yüksələk, amma bizim də o zirvənin yaxınlığında yerimiz olsun..."
Mütaliəni çox sevir, elmi, tarixi əsərləri oxumaqdan zövq alır. Arzulayır ki, xalqımız firavan yaşasın, Azərbaycanda orta təhsillə əlaqədar problemlər tezliklə aradan götürülsün.
Uzaq Amerikada doğma vətənini düşünən, Qarabağın işğaldan azad olunmasına ürəkdən sevinən və Azərbaycanın inkişafına arzulayan professora möhkəm can sağlığı diləyirik…

Elman Eldaroğlu