• 3 Dekabr 2020
logo
Hacıqabul gölü bərpa ediləcək

Hacıqabul gölü bərpa ediləcək

Hacıqabul gölünün quruması dayandırılacaq, gölün bərpası prosesinə başlanacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir. Bunun icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təchiz olunacaq, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq:

"Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranlaşması prosesi gedirdi. Bizim araşdırmalar göstərir ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq. Su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq və ən əsası, bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, gölün bərpası prosesi başlanacaq. Çünki yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-nin tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək".

M.Qəmbərov əlavə edib ki, bu layihəyə rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq:

"Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı, tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirləri olacaq. Amma göründüyü kimi yəqin ki, dinləmələrdə də layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq".