• 28 İyun 2022
logo
İnam Kərimov: "Bitki sağlamlığı sahəsində qanunvericilik təkmilləşdirilir"

İnam Kərimov: "Bitki sağlamlığı sahəsində qanunvericilik təkmilləşdirilir"

"Sağlam və bol məhsul əldə etmək həm ərzaq təhlükəsizliyimizi təmin etmək, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmaq baxımından vacibdir".
Bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Nazirlik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə koordinasiya olunan birgə tədbirlər həyata keçirir.
"Bu gün ixrac bazarlarında ciddi rəqabət mövcuddur, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı bitki mühafizəsi tədbirlərinin düzgün təşkilindən asılıdır. Bu baxımdan bitki mühafizəsi sahəsində vahid yanaşmanın tətbiqi daha məqbul hesab edilir. Çünki, vahid yanaşma bitki mühafizəsi işinin ekosistemə zərər vurmadan həyata keçirilməsinə imkan verir. Bütün dünyada bitki mühafizəsi işi daim təkmilləşir, bu proseslə ayaqlaşmaq üçün tərəfdaş ölkələrlə davamlı təcrübə mübadiləsi aparmaq vacibdir", - deyə İnam Kərimov qeyd edib.
O həmçinin əlavə edib ki, bitki sağlamlığına təkcə mütəxəssislərin məsuliyyət daşıdığı sahə kimi baxılmamalıdır.
"Bu, ərzaq istehsalı ilə məşğul olan bütün fermerlərin, ekosistemin bütün iştirakçılarının məsuliyyət daşıdığı bir sahədir. İştirakçı tərəflər daim bitki mühafizəsi işində yenilikləri öyrənməli və təcrübədə tətbiq etməlidir. Çünki bitki mühafizəsi, bitki sağlamlığının təmin olunması işi bütün dünyada daim yenilənir, təkmilləşir, bu məsələyə yeni uğurlu yanaşmalar meydana çıxır. Paralel olaraq milli qanunvericilik bazaları da günün çağırışlarına uyğun olaraq daim təkmilləşir. Ölkəmiz də bu prosesdən kənarda qalmır. Yeni qanunların qəbulu, qanunvericilik bazasının daha da təkmilləşməsi istiqamətində mühüm işlər görülür. Hesab edirik ki, bitki sağlamlığı sahəsində milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması kənd təsərrüfatı məhsullarının ixrac həcmini və coğrafiyasını daha da artıra, ekoloji təmiz məhsul istehsalını genişləndirə bilər",- deyə nazir əlavə edib.