• 27 İyul 2024
logo
ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

Meşə yanğınlarının baş verməməsi və vaxtında qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub.

Trend-in məlumatına görə, bunu ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.
Onun sözlərinə görə, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranma nəticəsində baş verir:
"Havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümü ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsini nəzərə alaraq əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə və meşələri qorumağa çağırır".