• 7 Oktyabr 2024
logo
Türk Dövlətlərinin Ombudsmanlar Assosiasiyası yaradılıb

Türk Dövlətlərinin Ombudsmanlar Assosiasiyası yaradılıb

Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası yaradılıb.
Ombudsman Aparatından verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak etmək məqsədilə Türkiyəyə rəsmi səfərə gedib.
Anlaşma Memorandumu 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Bursa şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Respublikasının ombudsmanları və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən imzalanıb.
İmzalanma mərasimindən sonra Türkiyə mətbuatına müsahibə verən Səbinə Əliyeva Memorandumun insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini sahəsində əməkdaşlığın gücləndirilməsinə, bununla bağlı bilik və təcrübə mübadiləsinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Qeyd olunub ki, Türkdilli ölkələrin ombudsman və milli insan hüquqları institutları arasında aparılmış müzakirələrdən sonra yaradılan bu birlik, eyni zamanda regionda sülhün və əmin-amanlığın qorunmasında da mühüm rol oynayacaqdır. Səbinə Əliyeva sözügedən Assosiasiyanın fəaliyyəti çərçivəsində Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsini digər üzv qurumlarla bölüşməyə hazır olduğunu və bu istiqamətdə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin faydalı olacağını bildirib.