• 7 Dekabr 2024
logo
“Diasporumuz gənclərin hesabına daha güclü ola bilər”

“Diasporumuz gənclərin hesabına daha güclü ola bilər”

Vüqar Abbasov: “Bunun üçün isə xaricdə yaşayan gənclərimizin ölkəmizə bağlı qalması lazımdır”
Vüqar Abbasovun 45 yaşı var. 1997 – ci ildə Qərb Universitetini bitirib. Uzun illər AZTV – də çalışıb. 2008–ci ildən ailəsi ilə birlikdə Niderland Krallığında yaşayır. 2012-2015-ci illərdə Niderlandda Davinci Kollecində Sosial xidmətlərüzrə təhsil alıb. Azərbaycan və Niderland Jurnalistlər Birliyinin üzvüdür. Hazırda Niderland Qaçqınlarla İş Üzrə İdarəsində hüquq yardımçısı kimi çalışmaqdadır. 2015–ci ildə Niderlandda Azərbaycan diasporasının inkişafı üçün Niderlandlı həmkarlarla birlikdə “Connect” təşkilatını yaradıb və bu təşkilatın sədridir. Niderlandda yaşadığı müddətdə Hollandiya parlamentində millət vəkilləri ilə, yerli bələdiyyə başçıları, siyasət adamları ilə çoxsaylı görüşlər keçirib.
“Xalq Cəbhəsi” V.Abbasovla diaspor sahəsindəki vəziyyəti müzakirə etdi, fikir və təkliflərin dinlədi.
- Avropada diaspor quruculuğu işi sizi qane edirmi?
- Əvvala, onu qeyd edim ki, Avropada olan diasporumuz haqqında konkret fikir bildirmək bir qədər çətin olar. Ümumi yanaşdıqda isə diasporumuzun bugünkü durumu ilə illər öncəki durumu arasında fərq isə çoxdur, yaxşı mənada. Diaspor quruculuğunun məni qane edib-etməməyinə gəlincə, niderlandlıların bəyəndiyim, gözəl sözlərindən biri də budur ki, hər şeyin daha yaxşısı mümkündür. Quruculuq müxtəlif təşkilatların olması, onları bir yerə yığmaq, yaxud da bir yerə yığılmışlar kimi göstərmək deyil, mənim düşüncəmə görə. Quruculuq onadan başlayar ki, hər ölkədə nə qədər soydaşımızın yaşadığını bilək. Şübhə edirəm ki, belə dəqiq, yaxud da dəqiqliyə yaxın rəqəmlərimiz var. Bundan başqa, soydaşlarımızdan hansının nə kimi imkanları var, onlardan yaxşı mənada, necə istifadə etmək olar? Bunlar dəqiqləşməli, yaxud da təxminən bilinməlidir. Sonra isə elə bir şərait yaratmaq lazım deyil ki, insanlarımız diaspor fəaliyyətindən çəkinsinlər. İnsanlara sərbəstlik vermək lazımdır. Onda bu formalaşma özlüyündən gedəcək. Bizim diaspor tariximizi uzun illər öncəyə, XX əsrin əvvəlinə bağlayırlar. Ancaq danılmaz fakdır ki, diasporumuz sözügedən əsrin sonlarından daha çox formalaşmağa başlayıb, yəni gəncdir. Diasporumuz gələcəkdə, gənclərin hesabına daha güclü ola bilər. Bunun üçün isə xaricdə yaşayan gənclərimizin ölkəmizə bağlı qalması lazımdır. Bu, nə qədər ailələrdən aslıdırsa bir o qədər də ölkəmizdən aslıdır. Bunun üçün çox işlər görülməlidir.
- Avropada azərbaycanlıların saysız-hesabsız təşkilatları var, amma arada birlik, həmrəylik yoxdur. Sizcə səbəblər nədədir?
- Bunun üçün zaman lazımdır, ancaq önəmli olan odur ki, bu təşkilatlara kənardan müdaxilələr olmasın. Əvvala, mənim fikrimcə, birləşməkdən danışmaq bu başdan ayrılıq salmaq deməkdir. Ümumi məsələlərdə birlikdə hərəkət etməkdən, həmrəylik göstərməkdən söhbət gedə bilər. Ona görə ki, hər təşkilatın öz yolu, öz dəsti xətti ola bilər və əslində olmalıdır. Səbəblərə gəlincə, səbəblər müxtəlifdir. Gördüyüm odur ki, diasporun işinə çox müdaxilələr olur. Diasporun etməli işlər qalır bir tərəfdə, bəzən də Azərbaycanın daxili siyasətinə qatmağa cəhdlər olur. Bundan başqa, Bakıdan gəlirlər Avropa dövlətlərinə. Bəzi təşkilatları yığırlar bir yerə və bunlar da çox vaxt kimlərəsə xoş gələn, yaxın olan təşkilatlar olur. Bir iclas keçirdirlər və deyirlər ki, vəssalam, filan yerdəki diasporumuz yığıldı bir yerə, birləşdi və s. Bəs yerdə qalan təşkilatlar? Bəs tədbirə dəvət alıb, qatılmayanlar? Bəs tədbirə dəvət almayanlar? Hansıki onların arasında Azərbaycan üçün kifayət qədər çox işlər görmüş təşkilatlar da var. Belə birlik olar? Deyəndə də olursan pis adam. Ümumiyyətlə, danışanda ümumi danışmağa nə ehtiyac var? Məsələn, demək olar ki, filan yerdəki bəzi təşkilatlar birlikdə iclas keçirdilər. Ancaq təəssüf ki, ümumi deyir və insanları narazı salırlar. Beləliklə də insanlar bezir və kənara çəkilirlər. Kimlərsə də bunu özlərinin kiminsə, hanısa təşkilatın üzərində qələbəsi imi dəyərləndirə, “sözə baxmazsan belə olar” deyə, düşünə bilərlər. Ancaq belə səfeh düşüncələrdən, bu cür “birləşmələrdən,” uduzan yalnız və yalnız diasporumuz və dolayısı ilə ölkəmiz olur. Bir sözlə, Vətəndən kimlərsə, dövlət qrumları, səfirliklər, “yaxşı, yaxud pis təşkilat,” “böyük, yaxud kiçik təşkilatlar,” “sözə baxan, sözə baxmayan təşkilat rəhbəri” və s. söhbəti salmasınlar. Birinin elədiyi “qarşıqa” boyda işi “fil boyda iş” kimi təqdim edilməməlidir. Başqa birinin işini görməzdən gəlinməməlidir. Bir də səmimiyyətin olduğunu düşünmürəm. Məsələn, Niderlandda və Belçikada bu işlə məşğul olan hər kəs kimin kim olduğunu, kimin nəyi necə bacardığını yaxşı bilir. Ancaq əgər, diaspora ilə məsul olan komitə burdakı hanısa təşkilata, şəxsə qarşı ədalətli mövqe tutmursa və digər təşkilatlar, Məmməd Araz demişkən, “məndən ötdü” prinsipi ilə susurlarsa, hansı birlikdən söhbət gedə bilər? Hansı inamdan söhbət gedə bilər? Özümünkülərə qarşı söz deyə bilməyənlərlə birlikdə düşmənə qarşı mübarizə aparmaq olarmı? Mən düşünürəm ki, yox.
- Azərbaycan həqiqətlərini Avropada yetərincə yaymışıqmı? Yayamamışıqsa səbəblər.
- Diaspor sahəsində də bəlli bir məqsəd və bu məqsədə gedən “yol xəritəsi” olmalıdır. Birinci sual bu olmalıdır: biz nə istəyirik? Mən belə düşünürəm. Məqsəd bəlli olmalı və dəyişməməlidir. Şəxslər dəyişə bilər, siyasət isə yox. Məsələn, erməni diasporunu ayaqda tutan qondarma erməni soyqrımıdır. Əgər bu məsələ aktuallığını itirsə erməni diasporu da kimsəyə lazım olmaz. “Azərbaycan həqiqətləri” deyirik. Nədir bu həqiqətlər? Bu, ümumi anlayışdır. Bizim həqiqətlərimiz çoxdur. Açıq etiraf edim ki, mən də bu ifadədən istifadə edirəm, bəzən. Səmimi desək, bizim diasporun fəaliyyətini izləsək əsasən mitinqlərin, tədbirlərin şahidi olarıq. Sanki məqsəd mitinq və tədbirlər keçirtməkdir. Ancaq mitinq və tədbirlər bizim üçün məqsədə çatmaq üçün mövcud ola biləcək vasitələrdən biri, yaxud bir neçəsi olmalıdır. Özümüzü aldatmaqdan əl çəkməliyik ki, ay bunu belə etdik, onu elə etdik. Bizim erməni kimi arxalı düşmənimiz var. Ancaq ondan daha böyük düşmənimiz özümüzü aldatmağımız olar. Torpaqlarımız işğalda ikən özümüzü, xalqımızı aldatmaq qətiyyən düzgün deyil. Mən belə düşünürəm və kim necə istəyirsə elə də anlasın. Məsələlərə savadlı yanaşmaq lazımdır, deyə düşünürəm. Diaspor fəaliyyəti çoxşahəlidir. Bura milli bayramlarımızı keçirtmək, mədəniyyət günləri təşkil etmək, soydaşlarımızı müxtəlif vasitələrlə və vaxtaşırı bir yerə yığmaq, onların arasındakı mövcud əlaqələrin möhkəmlənməsinə çalışmaq, yeni əlaqələrin qurulmasına nail olmaq və s. daxildir. Eyni zamanda, mətbuatla işləmək, universitetlərlə, digər yerli təşkilatlarla işləmək də lazımdır və hətta vacibdir. Hər işi isə bilən, bacaran biri etməlidir. Deyək ki, bir juranlistə Qarabağ problemindən danışmağı düşünürsən. Gərək məsələnin hardan qaynaqlandığını biləsən axı. Bu hadisələrə 1988 – ci ildən başlayan hadisələr kimi yanaşmaq, elə təqdim etmək yanlışdır. Ermənilərin əraziyə köçrülməsinin tarixinə bələd olmaq lazımdır. Danışanda siyasətlə danışmağı bacarmaq lazımdır. Həm öz ölkəni, həm də yaşadığın ölkəni yaxşı tanımalısan. İldə bir neçə dəfə “Parlamentə müraciət etdik,” “Mətbuata müraciət etdik” və.s. deməklə deyil. Nəticə lazımdır. “Eyni hərəkəti edib fərqli nətiə gözləmək axmaqlıq əlamətidir” deyiblər. Odur ki, məsələn, mətbuata müraciət etməyin nəticəsini göstərin, beş cümləlik bir yazı göstərin. Göstərə bilmirsinizsə demək ki, aldadırsınız, yaxud da yuxarıda çəkdiyim misal uyğun gəlir. Bu barədə uzun-uzadı danışmaq olar, ancaq hesab edirəm ki, hələlik bu qədər bəsdir.
- Diasporadan lobbiçilik işinə keçməyin zamanı yetişməyibmi?
- Düşünürəm ki, bunları eyniləşdirmək olmaz. Diaspor fəaliyyəti ilə lobbiçilik tamamilə ayrı-ayrı mənalar daşıyırlar. Amma diaspor nümayəndələri həm də lobbiçiliklə məşğul ola bilərlər. Ancaq “diaspor fəaliyyətinə son qoyub lobbiçiliklə məşğul olmalıyıq” deməyi də düzgün hesab etmirəm. Diaspor təşkilatlarımızın hamısı lobbiçilik etmək gücündə də deyil və buna ehtiyac olduğunu da düşünmürəm. Diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar, fəaliyyətdə olduğu ölkədəki soydaşlarının da xidmətlərindən istifadə edərək, soy-kökünün bağlı olduğu ölkəni təbliğ edə, tanıtdıra, müxtəlif tədbirlər təşkil edərək soydaşları bir yerə yığa, adət-ənənənin qorunmasına çalışa bilər ki, bura Novruz bayramı, Həmrəylik günü vəs. aiddir. Yuxarıda da qeyd etdim ki, diaspor fəaliyyəti geniş anlayışdır; bura, həmçinin doğma dilində məktəblərin təşkili, musiqimizin təbliği vəs. daxildir. Lobbiçilik isə tam fərqli fəaliyyətdir. Qısa desək, lobbiçilik dövlət və qanunverici orqanların qəbul edəcəyi qərarlara təsir etmək deməkdir. Əsas məqsəd isə hansısa qrupların, dövlətin maraqlarına xidmət etməkdir. Odur ki, düşünürəm ki, kim hansı işi bacarırsa onu öz öhdəsinə götürməli və onunla məşğul olmaldır.
- Ermənilərin imkanlı diaspor rəhbərləri, lobbiçiləri daim öz ölkələrinə maliyyə yardımları göstəririlər, hansısa layihələrdə iştirak edirlər. Bizim iş adamlarımız, milyonçularımız isə... Fikirləriniz maraqlı olar..
- Bəli, erməni iş adamları ilə bağlı çoxsaylı belə faktlar var. Bizim iş adamlarından isə bu işlərdə iki nəfərin adının hallanmasının daha çox şahidi olmuşam, bəlkə də digərləri də var, mən eşitməmişəm. Onlardan biri Fizuli Məmmədov, digəri isə Mübariz Mənsimovdur. İkincinin adı xeyriyyə işlərində hallanır ki, bu da çox gözəl və alqışlanmalı haldır. Fizuli müəllimin adı isə həm xeyriyyəçi kimi, hə də diaspor fəaliyyəti ilə məşğul olan aktiv bir şəxs kimi tanınıb, onun adına mətbuatımızda vaxtaşırı həm bir xeyriyyəçi, həm də diaspor xadimi kimi rast gəlmək olur. Əslində özümüzü nə erməni, nə də bir başqası ilə müqayisə etmək düzgün deyil. Niyə kiməsə baxmalıyıq? Millətin, dövlətin adına bir iş görmək, bacardığını ortaya qoymaq milli qürur məsələsidir. Kiməsə baxıb qürurlu olmaq özü qürursuzluq deməkdir. Milli qürur ya var, ya da yoxdur. Ancaq iş adamlarımıza şəxsən öz adıma nəyisə irad bildirə bilmərəm. Pul onlarındır, özləri qazanıblar, hara və necə xərcləyəcəklərinə aid qərarı özləri verə bilərlər. Əgər millətlərinin, dövlətlərinin onlara ehtiyacı olan bir vaxtda kənarda dururlarsa nəsə demək də artıqdır, deyə düşünürəm. Erməni iş adamları da dəstək verəndə baxırlar ki, kim gerçəkdən bu işlərdə xeyir verə bilərsə ona, onlara dəstək verirlər. Onlar baxmazlar ki, rəsmi Yeravan kimə dəstək verilməsini istəyir. Düşünmürəm ki, hanısa erməni iş adamı kiminsə əlində alət olsun. Ermənilər işi iş bilənə tapşırırlar. İş adamları da pullarını reklam olunmaq xətrinə deyil, gerçəkdən ölkələri üçün iş görmək xətrinə xərcləyirlər.
- Birlik, həmrəylik üçün nələri tövsiyyə edərdiz?
- Diasporun, diaspor təşkilatlarının işlərinə müdaxilə edilməsin. Səmimi olaq bir-birimizə qarşı. Necə deyərlər, “dili olub dilçəyi olmayanlar”ı nə qədər yaxın olsalar belə göylərə qaldırmasınlar. “Dili olub dilçəyi olanlar”ın işlərini isə, düşmən olsalar da, heç etməsinlər, etməyə çalışmasınlar. İşinə peşəkar yanaşan biri görülən işə dəyər verər, şəxsi münasibətlərə, şəxsi yanaşmalara deyil. Bunlar olarsa həmrəylik də olar, iş də olar. Buna bütün varlığımla inanıram. Bir də onu qeyd edim ki, diasporumuz doludur, obrazlı desək, “Leytenant Şmidtin uşaqları” ilə, bir çox sahələrimizdə olduğu kimi. Onları yığışdırmasalar nə birliyə nail olmaq mümkündür, nə də hər hansı bir nəticə əldə etmək.
Cavid