• 25 May 2022
logo
ÜST-nin Azərbaycanda fəaliyyətinə dair dəyirmi masa keçirilib

ÜST-nin Azərbaycanda fəaliyyətinə dair dəyirmi masa keçirilib

Aprelin 26-da Heydər Əliyev Mərkəzində “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə sıx əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
“Azərbaycanın müstəqilliyinin ilk illərində rastlaşdığı əsas çətinliklərdən biri də səhiyyə sahəsindəki problemlər idi. Xüsusilə vərəm, malyariya, difteriya, ana və uşaq sağlamlığının qorunmasındakı çatışmazlıqlar, təchizat məsələləri və digərləri. O illər başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm islahatlar başladı, bir neçə ilə əməli nəticələr əldə olundu. Milli səhiyyə üçün çətin dövrlərdə bizə dəstək göstərən nüfuzlu təşkilatlardan biri Ümumdünya Səhiyyə Təşkilatı olub. O zamandan bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizədə və milli səhiyyənin potensialının artırılmasında etibarlı tərəfdaşımızdır”, - nazir vurğulayıb.
Teymur Musayev qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir: “Səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge “Gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda çıxış edib. O, Avropa “İmmunlaşdırma Həftəsi”nin qeyd olunduğu bir vaxtda COVID-19 pandemiyasından çıxarılan dərslər əsasında keyfiyyətli səhiyyə islahatlarına əlçatanlığın artırılması və zəruri peyvəndlərin əhəmiyyətinin vurğulayıb: “Pandemiya keyfiyyətli səhiyyə xidmətlərinin hər kəsə əlçatanlığının təmin edilməsinin vacibliyini bir daha təsdiq etdi. Bu istiqamətdə də Prezident İlham Əliyevin dəstəyi ilə aparılan səhiyyənin maliyyələşdirilməsi islahatları nəticəsində Azərbaycanın atdığı konkret addımları görməkdən çox məmnunam”.
Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-nin Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır.
Sonra Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin fəaliyyətini əks etdirən fotosərgi təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.

ÜST-nin Azərbaycanda fəaliyyətinə dair dəyirmi masa keçirilibÜST-nin Azərbaycanda fəaliyyətinə dair dəyirmi masa keçirilibÜST-nin Azərbaycanda fəaliyyətinə dair dəyirmi masa keçirilib