• 28 May 2022
logo
Məktəblərin yeni təsnifatı olacaq, sağlam və sağlamlıq imkanları məhdudlar birgə oxuyacaq

Məktəblərin yeni təsnifatı olacaq, sağlam və sağlamlıq imkanları məhdudlar birgə oxuyacaq

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin aşağıdakı növlərinin sayı 13-dən 14-ə qaldırılıb. Dəyişiklikdən sonra ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:
- ibtidai ümumtəhsil məktəbi;
- ümumi orta ümumtəhsil məktəbi;
- tam orta ümumtəhsil məktəbi;
- lisey;
- gimnaziya;
- inteqrasiya təlimli ümumtəhsil məktəbi;
- xüsusi ümumtəhsil məktəbi;
- ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
- internat tipli lisey;
- internat tipli gimnaziya;
- inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
- internat tipli xüsusi ümumtəhsil məktəbi;
- internat tipli sanator ümumtəhsil məktəbi;
- digər məktəblər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, ümumi təhsil müəssisələrinin aşağıdakı növləri var:
- ibtidai ümumtəhsil məktəbi;
- ümumi orta ümumtəhsil məktəbi;
- tam orta ümumtəhsil məktəbi;
- lisey;
- gimnaziya;
- ümumtəhsil internat məktəbi;
- inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
- inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
- xüsusi məktəb;
- xüsusi internat məktəbi;
- inteqrasiya təlimli internat tipli gimnaziya;
- valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
- digər məktəblər.
Eyni zamanda qanuna “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsidir.
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı ilə əlaqədar “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna da müvafiq dəyişiklik edilir. Hazırda sağlamlıq imkanları məhdud şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi məktəblər və xüsusi internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, ümumtəhsil internat məktəblərinin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırsa, dəyişiklikdən sonra sağlamlıq imkanları məhdud şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində tam dövlət təminatında olacaq.
Qanunlara dəyişikliklər təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədini daşıyır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.