“Yazılı cavab tələb edən tapşırıqlar heç bir problem yaratmır”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.
O bildirib ki, ötən il 200 nəfərə yaxın şəxsin apelyasiya nəticələri dəyişib: “100 min nəfərlə müqayisədə 200 nəfər kiçik rəqəmdir və heç yarım faiz etmir. Biz nəticələri dəyişməyə də bilərdik. Ola bilsin ki, şagird yazı işində 1-ci sualı 2-ci sualın yerinə yazır. O, bu zaman 1-ci sualdan 0 alır, ikinci sual yoxlanılanda da cavab səhv olur. Bu, texniki səhv olduğu üçün uşaqlara güzəşt edib nəticələri dəyişmişik. Bu, qaydaların pozulmasıdır. Çox nadir hallarda biz məzmunla əlaqədar nəticələri dəyişirik”.
Məleykə Abbaszadə qeyd edib ki, çox zaman sualların yazılması və yoxlanılması repetitor müəllimlər tərəfindən düzgün qiymətləndirilmir: “Müəllimlər öz reputasiyası üçün günahı DİM-in üzərinə yönəldirlər. Məncə 1-2 il keçəndən sonra bu problem də səngiyəcək və müəllimlər də öz vəzifələrinə daha professional yanaşacaq”.