• 29 May 2022
logo
Yeni penitensiar müəssisələrə media-tur təşkil olunub

Yeni penitensiar müəssisələrə media-tur təşkil olunub

Bu gün Ədliyyə Nazirliyi tərəfindən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunan müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olmaq üçün media-tur təşkil olunub.
Media-turda Pentensiar Xidmətin rəis müavini, general-mayor Oqtay Məmmədov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Ombudsman Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Millət vəkili Hicran Hüseynova və Fazil Mustafa, hüquq müdafiəçiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edib.
Ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu müəssisələrdə dünyada mövcud olan beynəlxalq standartlara riayət olunub: "Burada böyük kitabxana, peşə məktəbi var. Bu da məhkumların gələcəkdə cəmiyyətə uyğunlaşması üçün şərait yaradacaq".
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, inşa edilən yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib: "Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı vardır. Peşə məktəbində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar. Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir".
İdarə rəisi qeyd edib ki, yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub: "Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar vardır. Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir".
Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov çıxış edərək, ədliyyə və penitensiar xidmətdə olan islahatlardan danışıb.
O bildirib ki, son illərdə bölgələrdə müasir standartlara uyğun 4 müəssisə artıq istifadəyə verilib , 3-ün inşasına başlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hüquq müdafiəçisi Səadət Bənənyarlı və digər şəxslər çıxış ediblər.