Məhkəmə icraatının elektron qaydada aparılması təkmilləşdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda elektron qaydada cinayət mühakimə icraatı prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır.
Dəyişikliyə əsasən, elektron qaydada məhkəmə icraatı, həmçinin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraat bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılacaq. Cinayət prosesini həyata keçirən digər orqanların informasiya sistemləri prosessual sənədlərin və digər materialların bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunacaq.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.