• 25 May 2022
logo
Azad olunan ərazilərdə ötən il 18 min ha minalı sahə dronlarla təhlil edilib

Azad olunan ərazilərdə ötən il 18 min ha minalı sahə dronlarla təhlil edilib

İşğaldan azad olunan ərazilərdə minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə prosesi həyata keçirilir.
“Böyük qayıdış” proqramının həyata keçirilməsi istiqamətində mina təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin yaradılması ilə əlaqədar fəaliyyət davam etdirilir.
Böyük Britaniyanın RPS Energy LTD şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar azad olunan ərazilərdə mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub.
Şirkətlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında bununla bağlı müvafiq razılaşma əldə olunub. ANAMA və RPS Energy Ltd. arasındakı razılaşmaya əsasən, layihə çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib.
Dronların üzərindəki geniş spektorlu (Multispectral), termal (Thermographics) və yüksək dəqiqli (RGB) kameralar bir - birini tamamlayaraq, ərazi üzrə məlumatların toplanılmasını təmin edir. Əldə edilən məlumatlar xəritə üzərində emal edilir və təhlil edilən ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini müəyyən etmə imkanı yaradır.
Münaqişə sonrası mərhələdə Qarabağda külli miqdarda mina və PHS-lə yanaşı, yersəthi və yeraltındakı müharibənin digər təhlükəli qalıqları da qeydə alınır. Süni intellekt texnologiyasının tətbiqi vasitəsilə fərqli partlayıcı tərkibli və gövdəsi müxtəlif materiallardan hazırlanan qurğuların eyni ərazidə (qarışıq mina sahəsi) müəyyən edilməsini mümkün edir. Həmçinin, dronlar təhlil edilən layihələrin təyinatı üzrə uçus trayektoriyasını icra etmək qabiliyyətinə malikdir.
Qarabağda minatəmizləmə əməliyyatlarında istifadə edilən dronların proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər üzrə yaddaşın yenilənməsi imkanına malikdir. Həmçinin, süni intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif təmizləmə metodologiyalarının tətbiqini təmin edir.
Mina Sahələrinin Havadan Tədqiqatı - RAMS (Remote Aerial Minefield Survey) sistemi çirklənmiş ərazinin təhlükəsiz ərazidən ayırd etmək imkanı verir. Tətbiq edilən sistem beynəlxalq minatəmizləmə standartları əsasında Qeyri-Texniki Tədqiqat və Texniki Tədqiqatın birləşməsini ehtiva edir.
İnnovativ texnologiyalar vasitəsilə uzaq məsafədən müəyyən edilən ərazinin çirklənmə miqyasına dair məlumatların alınması, təmizləmə əməliyyatlarının gedişatına müsbət töhfə verməsi gözlənilir. Mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi planlaşdırılan ərazi barədə məlumatlı olmaq - ANAMA əməkdaşlarının təhlükəsizlik qaydalarını yüksək səviyyədə təmin edəcək. Əldə edilən nəticələrə uyğun olaraq sahə əməkdaşlarının iş rejiminin təkmilləşdirilməsinə, eləcə də layihələrin icrasının daha səmərəli göstəricilərinə nail olmaq imkanı verir.
Yüksək təhlükəli ərazilərin öncədən müəyyən edilməsi minatəmizləmə resurslarının səmərəli istifadəsini təmin etməyə yönəlib.