• 9 Sentyabr 2024
logo
Azər Kərimli: Dini biliklər gənclərin mənəvi təhlükəsizliyini gücləndirir

Azər Kərimli: Dini biliklər gənclərin mənəvi təhlükəsizliyini gücləndirir

Azərbaycan tarix boyu mədəniyyətlərin qovşağı, mədəniyətlərarası körpü funksiyasını yerinə yetirən, ayrı-ayrı dinlərin uzlaşdığı coğrafi məkan olub və xalqımıza məxsus bu yüksək bəşəri dəyərlər bu gün də Azərbaycan dövlətinin siyasətində aparıcı yerlərdən birini tutur.

Bu sözləri Baymedia.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir: “Ölkə əhalisinin 95 faizinin islam dininə etiqad etməsinə baxmayaraq, ölkədə fəaliyyət göstərən və cənab Prezidentin iştirakı ilə yeni binasının açılışı keçirilən təhsil ocağının İlahiyyat İntitutu adlandırılması, dövlətimizin fundamental insan hüquq və azadlıqlarından sayılan dini etiqad və vicdan azadlığına verdiyi yüksək dəyərin göstəricisidir. Azərbaycan dövləti bütün dinlərə elmi-fəlsəfi kontekstdən yanaşaraq, ayrı-ayrı dini baxışların arasında İlahi harmoniyanın qorunub saxlanmasına, çoxmədəniyyətliliyin xalqımıza məxsus ən ali dəyərlərdən biri kimi təbliğ olunmasına çalışır. Çünki Azərbaycan dövlətinin təməlini ədalət prinispləri təşkil edir. İnsana, onun hüquq və azadlıqlarına, o cümlədən fərqli mədəniyyətlərə münasibətdə hörmət hissinin formalaşması ədalət anlayışının inkişaf etdirilməsi ilə mümkündür. Hörmət hissinin formalaşması qarşılıqlı münasibətləri gücləndirir. Bu münasibətlərin güclənməsi üçün isə ölkə vətəndaşlarının universal mədəni hüquqları və mədəniyyətlərarası fərqlilikləri şüurlu şəkildə dərk etməsinə xidmət edən təhsil dövlət tərəfindən dəstəklənməlidir. İlahiyyat İnstitunun yeni binasının açılışı da Azərbaycan dövlətinin bu mühüm və davamlı prosesə verdiyi dəstəyin nümunəsidir. Dini ali təhsilin inkişafı Azərbaycanda tolerant və muktikultural dəyərlərin inkişafına ciddi təkan verir, sağlam mənəvi mühit formalaşdıraraq dözümsüzlük, fanatizm, ksenofobiya və ekstremizm kimi neqativ meyillərin qarşısını alır. Dini biliklər və maarifləndirmə gənclərin mənəvi təhlükəsizliyini gücləndirir, onlarda zərərli vərdişlərə qarşı mübarizlik yaradır, məzhəbçiliyi və dini radikallığı aradan qaldırır”.