• 26 May 2022
logo
Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri açıqlanıb

Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri açıqlanıb

İnfarktın ən çox görülən simptomları sinədə ağrı şikayətidir. Ağrı əsasən döş sümüyü arxasında yaranıb, çiyinə, qollara, ənsə, çənə nahiyələrinə, dişlərə, qarın və kürək bölgələrinə yayılır. Bəzən ağrı bu bölgələrdən sadəcə birində hiss edilir və 20 dəqiqədən daha uzun müddət davam edir. Ağrı şiddətli (göynədici, yandırıcı) və ya küt xarakterli, sıxıcı, ağırlıq, basqı hissi şəklində ola bilər. Ağrılar bəzən epiqastral nahiyədə olduğundan diqqətdən qaçmamalıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev deyib.
O, bildirib ki, qeyd edilənlərdən əlavə başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, təngnəfəslik və tərləmə, soyuq tər hissi və s. hallar da müşahidə edilə bilər.
Həkim, həmçinin uşaqlarda daha çox rast gəlinən ürək xəstəliklərindən də danışıb.
"Uşaqlarda ürək xəstəlikləri bu qrupları əhatə edir: anadangəlmə ürək qüsurları; ürəyin revmatik xəstəlikləri; aritmiya. Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə anomaliyadır. Bunlara ürək boşluqları arasında arakəsmələrdə və ya ürəkdən çıxan böyük damarlarda olan qüsurlar; mədəciklərarası çəpər qüsuru; qulaqcıqlararası çəpər qüsuru; botal axacağın açıq qalması; ürək qapaq xəstəlikləri; hipoplastik sol mədəcik sindromu; Fallo tetradası və s. aiddir".
Onun sözlərinə görə bütün yaş dövrlərində, həmçinin ürəyində heç bir dəyişiklik olmayan uşaqlarda da aritmiya təsaduf olunur. Ürək döyüntüləri sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir. Həyacanlanma, yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli artır.
Qeyd edim ki, ürəyin revmatik xəstəlikləri müalicə olunmamış təqdirdə streptokok mənşəli yoluxucu infeksiyalar müşahidə oluna bilər.