Azərbaycanda teatrlar, kinoteatrlar, konsert zalları, muzeylərdə yoxlamalar aparılacaq.
Bu, Nazirlər Kabinetinin “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə tamaşa və mədəni-marif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.) yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin.