• 29 May 2022
logo
Sertifikat ala bilməyənlərin dövlət qulluğuna xitam veriləcək

Sertifikat ala bilməyənlərin dövlət qulluğuna xitam veriləcək

“Mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək. Dövlət qulluğu üzrə sertifikat müddəti 5 ildir”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.
Onun sözlərinə görə, sertifikatın müddətindən 4 il keçdikdən sonra, 12 ay, yəni 5-ci il bitənə qədər həmin şəxslər dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün vəzifənin aid olduğu alt qrup üzrə imtahanda iştirak etməli və sertifikat əldə etməlidirlər.
Şöbə müdiri deyir ki, 2016-cı ildən, yəni dövlət qulluğu ilə bağlı sertifikat sistemi qəbul edilmədən əvvəl dövlət qulluğunda işləyən şəxslər əgər öz işlərini davam etdirmək istəyirlərsə sertifikat əldə etmələrinə ehtiyac yoxdur: “Ancaq dövlət qulluğu stajı 10 ili ötməyən həmin şəxslər daha yüksək vəzifəyə iddia edirlərsə, bu zaman onlar da sertifikat əldə etmək üçün imtahan verməlidirlər. Bu imtahanda iştirak edən şəxslər sertifikatı aldığı ilk illərdə artıq dövlət qulluğu stajı 10 il olacaq. Həmin şəxs bununla da müddətsiz sertifikat almış şəxslərə bərabər olacaq və daha sonra hər hansı imtahana cəlb edilməsinə yol verilməyəcək. ”.
Vüqar Əsgərov deyib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikatı ala bilməyən şəxslərin dövlət qulluğuna xitam verilə bilər.