• 25 May 2022
logo
“Ukraynadan Almaniyaya iki yüz mindən artıq insan məcburi köç edib”

“Ukraynadan Almaniyaya iki yüz mindən artıq insan məcburi köç edib”

Valeh Mirzəbəyli: “Almaniyadakı həkimlərimiz Azərbaycan diasporunun güclənməsində iştirak edirlər”

Almaniyadakı əksər həkim soydaşlarımız vətənpərvərlik nümayiş etdirərək diaspor işində də fəallıq göstərirlər. Almaniyada fəaliyyət göstərən ağız və çənə cərrahı, diaspor fəalı Valeh Mirzəbəyli belə vətənpərvər həkim soydaşlarımızdandır. Onunla müsahibədə Almaniyada həkim olaraq çalışmaq üçün prosedur qaydalar, xaricdəki həkimlərimizin diaspor quruculuğunda rolu və s. məsələlərlə bağlı danışdıq. Xatırladaq ki, Valeh Mirzəbəyli 1987-ci il iyunun 16-da Bakı şəhərində anadan olub. 2012-ci ildən Almaniyada yaşayır. V.Mirzəbəyli “Xalq Cəbhəsi”nə müsahibəsində maraqlı məqamlara toxundu.
-Valeh müəllim, siz uzun müddətdir ki, Almaniyada həkim olaraq çalışırsız. Hazırda Ukraynadakı müharibə ilə bağlı bu ölkədən Almaniyaya və digər Avropa ölkələrinə gedən soydaşlarımız arasında həkimlər də var. Onlar Avropada öz peşələri üzrə çalışmaları üçün əsas nə etməlidir?
-Hal-hazırda Ukraynadan Almaniyaya iki yüz mindən artıq insan məcburi köç edib (https://www.tagesschau.de/inland/gefluechtete-ukraine-lebensmittel-101.html). Məcburi köçkünlər Almaniyaya daxil olduqdan sonra müxtəlif qurumlarda özlərini qeydiyyata salırlar. Onlar üçün dövlət müəyyən mobil tipli məskunlaşmalar ayırıb. Amma təbii ki, yerlər dolu olduğuna görə artıq yerli insanlardan da kömək istəyiblər. Yəni, əgər kimin imkanı varsa həmin ailələrdən öz himayəsinə götürüb müvəqqəti evlərində yerləşdirirlər. Mən bu cür yardım edən iki həkim həmkarlarımızı şəxsən tanıyıram.
Böyük ehtimalla məcburi köckünlərin içərisində həkim və ya tibb personalı da var. Həkimlərin və ya tibb personalının qısa müddətdə iş tapıb işləyə biləcəklərinə sözün düzü inanmıram. Bu mənim subyektiv fikrimdir. Cünki Almaniya bürokratik ölkədir. Əvvəlcə həmin köçkünlərin burada oturum almaları əsas şərtlərdən biridir. Bildiyimiz kimi, Ukrayna ilə Almaniya arasında viza sistemi mövcud deyil. Bu, həmin insanlar üçün prioritet daşıyır. Məsləhətim ilk əvvəl alman dili kurslarında iştirak etməkdir. Bundan sonra tibb personalına (yəni tibb bacı və qardaşlarına) iş tapmaq çox asandır. Almaniyada 2020-ci ildə qəbul olunan tibb personalının çatışmamazlığı qanununa görə artıq tibb bacı və qardaşlarının Almaniyaya gəlməsi çox asanlaşıb. Əsas sənəd olaraq olaraq sadəcə B2 sertifikatı tələb olunur. Bununla məşğul olan hətta bəzi firmalar da mövcuddur.
-Ora köç edən həkimlər hansı qaydada fəaliyyət göstərəcəklər?
Həkimlərin işləməyinə gəldikdə isə, məncə bu həmişəki kimi eyni qaydada olacaq. Yəni məcburi köçkünlər ilk əvvəl alman dili sertifikatını əldə etdikdən sonra Səhiyyə nazirliyinə muraciət edilməlidir. Bu, müxtəlif əyalətlərdə fərqlidir. Yəni bəzi əyalətlərdə iş yeri olmadan fərq imtahanına müraciət etmək imkanı verilir. Başqa bir əyalətlərdə isə iş yerinin olması əsas şərtlərdən biridir. Bunun üçün öncə həkim müxtəlif xəstəxanalara yazılı müraciət etməlidir ki, iş yeri tapsın. Və bundan sonra fərq imtahanına müraciət edə bilər.
Keçən həftə təsadüfən bizim klinikaya pasient kimi muraciət edən bir xanım həmkarımızla tanış olduq. Ukraynada uşaq terapevti işləyən həmkarımız müharibə ucbatından Almaniyaya koç edəsi olub. Almaniya dövləti tez bir zamanda artıq sosial sığortadan istifadə edilməsinə icazə verib. Hələ ki müharibənin, yerləşmənin stressindən heç bir quruma iş təcrübəsi ilə bağlı müraciət edə bilməyib. Əvvəl bildirdiyim kimi, mənim fikrimcə, bu elə də asan və tez olan bir proses olmayacaq.
-Ümumiyyətlə, Almaniyada gəlmələrin həkim olaraq qəbul olunması üçün onlar əsas nəyə üstünlük verməlidirlər?
-Əsas üstünlüklərdən biri alman dilinin həkimlər üçün C1, tibb personalı üçün B2 sertifikatının olmasıdır. Qalan digər işlər, yəni diplomun tanıdılması və ya fərq imtahanlarının verilməsi bürokratik və zamanla həll olan məsələlərdir.
- Bildiyimiz kimi, bu yaxınlarda Köln şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu keçirildi. Forumda Almnaiyadakı həkim soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya olunması məsələsi də diqqət çəkdi. Bununla bağlı sizin fikirləriniz necədir?
-Bəli. Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həmkarlarımızdan doktor şöbə müdiri Elvin Hüseynovun və doktor şöbə müduri Nuran Abdullayevin zəhmətləri hesabına Köln şəhərində böyük bir forum təşkil olundu. Mən çox təəssüf ki iştirak edə bilmədim. Demək olar ki, tanıdığım bütün həmkarlarımız orada idilər. Elvin Hüseynovun və Nuran Abdullayevin etdikləri bu forum çox möhtəşəm bir işdir. həmkarlar arsında fikir mübadiləsi, bir-birimizi tanıyıb diasporumuzun daha da güclü olması üçün atılan gözəl addımlardan biridir. Mən bilirəm ki, kolleqalarımız bunun ərsəyə gətirilməsində çox böyük əziyyətlər çəkiblər. Buna görə də onları ayaq üstə alqışlayıram.
-Azərbaycanlı həkimlərin diaspor quruculuğuna qoşulmaları lobbiçilik fəaliyyətinə və Azərbaycan səhiyyəsinə nə kimi töhfə verə bilər?
-Mən və mənim kimi 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı ilə Almaniyaya təhsilini davam etdirməyə gələn səhv etmirəmsə 120 həkimin hamısı təhsilə başlayandan bu vaxta kimi Azərbaycan diasporunun güclənməsində iştirak edirlər. Mən buradakı həmkarlarımın ən azı 50 faizini şəxsən tanıyıram. Hamısı da mütəmadi olaraq yığıncaqlar, forumlar təşkil edirlər. Bunlara misal olaraq hər il Xocalı soyqırımı ilə əlaqədar yürüşlərin keçirilməsini, bukletlərin paylanılmasını misal gətirmək olar. Bildiyimiz kimi, İkinci Qarabag müharibəsində sosial media üzərindən nəinki həkimlərimiz, bütün azərbaycanlılar aktiv şəkildə Avropaya düzgün informasiya verilməsi ilə bağli birləşib bir çox işlər gördülər.
Pandemiyadan əvvəl hər il Novruz bayramı yüksək səviyyədə Almaniyanın müxtəlif şəhərlərində təşkil edilirdi. Və almanlar da bu yığıncaqlara dəvət olunurdular. Yeri gəlmişkən, Hannoverdə də azərbaycanlılarımızın zəhməti hesabına bu il ilk dəfə pandemiya dövründə Novruz şənliyi təşkil olundu.
Təbii ki, xaricdəki Azərbaycan həkimlərinin aktiv səkildə bir-birlərilə əlaqələr yaratması, forumlar keçirməsi birbaşa diasporun da güclənməsinə gətirib çıxarır. Azərbaycan səhiyyəsi son 15 ildə kifayət qədər inkişaf edib. Mənim fikrimcə, bu, xarici ölkələrlə fikir mübadiləsi, xarici ölkələrdə təcrübələrin toplanması ilə əlaqədardır. Pandemiya dövründə, demək olar ki, bütün həyatımız daha da onlaynlaşdı. Hamı hiss etdi ki, onlayn konfransların keçirilməsi mümkündür. Bu cür konfranslar, həmkarlar arasında fikir mübadilələri həm Azərbaycanın Almaniyadakı diasporunun tanınmağına, həm də Azərbaycan diasporunun da böyük ehtimalla səhiyyəsinə öz töhfələrini verdi.
Əli Zülfüqaroğlu