• 29 Mart 2024
logo
Umud Mirzəyev Qətərdə keçirilən simpoziumda Qarabağdan danışıb

Umud Mirzəyev Qətərdə keçirilən simpoziumda Qarabağdan danışıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin 8-9 dekabr tarixlərində Qətərin Doha şəhərində təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda iştirak edib.

“Media qurumları ilə beynəlxalq təşkilat arasında tərəfdaşlıq və həmrəyliyin qurulması: imkanlar və perspektivlər” adlı paneldə geniş auditoriya qarşısında məruzəçi qismində çıxış edən U.Mirzəyev, bütün ölkələrə ədalətli və qərəzsiz yanaşma əsasında media və beynəlxalq təşkilatların inteqrasiyasını inkişaf etdirmək məsələsini qaldırıb. U.Mirzəyev bildirib ki, dünya mediası və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin timsalında Azərbaycana qarşı təcavüzü, o cümlədən jurnalistlərin qətl edilmısini pisləyən vahid yanaşma işləyib-hazırlamalıdırlar.

Trend çıxışın tam mətnini sizlərə təqdim edir:

"Hörmətli iştirakçılar, həmkarlar və dostlar,

Hazırda media qurumlarının və beynəlxalq təşkilatların mətbuat azadlığının və əsasən də insan hüquqlarının qorunmasına dəstək olmaq üçün bir araya gəlməsinə həmişəkindən daha çox ehtiyac var.

Jurnalistlər, onların hüquqlarının qorunmasına yönəlmiş mövcud bəyannamə, qətnamə və sənədlərə baxmayaraq, həqiqət axtarışında olmaqla daima həyatlarını riskə atırlar. Ölkələrin inkişafını dəstəkləməli olan beynəlxalq təşkilatlar, media təşkilatı ilə oxşar problemləri olmasa da təzyiqlərlə üzləşirlər.

Bu kimi hadisələrin 20-ci əsrin sonlarında Sovet İttifaqının dağılması nəticəsində Qafqazda, Baltikyanı ölkələrdə, Çeçenistanda, Orta Asiyada və bir neçə postsovet ölkəsində çoxsaylı etnik qarşıdurmaların meydana gəlməsi ilə və əsasən də Qarabağda şahidi olduq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və ölkəmizin ərazisinin 20 faizinin işğalı dövründə 7 xarici və yerli jurnalist öldürüldü. Bu cinayətlərin təşkilatçıları cəzasız qaldı və hətta rəhbər vəzifələr tutdular. Bu gün biz Suriya, Pakistan, Meksika, Filippin, Əfqanıstan, Afrika və digər ölkələrdə də jurnalistlərin və hətta humanitar işçilərin belə hədəfə alındığını görürük.

Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq inanırıq ki, media, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq və həmrəyliyin inkişafı media işçilərinin və informasiya azadlığının qorunmasını təmin edəcək. Mən bu məsələni ilk mənbədən bilirəm, ona görə ki, bu həm də Beynəlxalq Avrasiya Mətbuat Fondunun modelidir. Biz bu modeli hələ 30 il əvvəl bir neçə xarici media həmkarlarımla BAMF-ın təməlini qurarkən tətbiq etmişdik.

90-cı illərin əvvəllərindən etibarən 100-dən çox xarici jurnalistin qaynar nöqtələrə səfərlərini təşkil etmişik. Bu təcrübə bu gün də davam edir. Yalnız bu il cəbhə bölgələrinə Qətər, ABŞ, İsrail, Özbəkistan, Pakistan, Ukrayna və bir sıra digər ölkələrdən olan jurnalistlər səfər edib. Dəfələrlə atəşə məruz qalmışıq. BAMF ilk tibbi yardımın göstərilməsi, təhlükəsizlik qaydalarının işlənib hazırlanması, texniki standart prosedurlarına riayət edilməsi eləcə də, humanitar əməliyyatlarda iştirakla bağlı yaxşı təcrübəyə malikdir. Biz davamlı olaraq jurnalistlərin müdafiəsi üçün müxtəlif kampaniyalar formalaşdırır və orada iştirak edirik. Bunlardan biri həmçinin 2017-ci ilin noyabr ayında Əl-Cəzirə tərəfindən təşkil olunan kampaniya olmuşdur.

BMT agentlikləri, İqtisadi Sosial Şura, Beynəlxalq Sülh Bürosu və Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi, xüsusilə Beynəlxalq Mətbuat İnstitutunun nümayəndəsi ilə bugün bu tədbirdə iştirak etmək şərəfinə nail olan bir təşkilat olaraq bütün bu məsələlərə həmişə məsuliyyətlə yanaşırıq.

Azərbaycan, Gürcüstan, Qazaxıstan və Qırğızıstanda Beynəlxalq Mətbuat İnstitutunun milli komitələrinin yaradılmasına töhfə vermək imkanımız oldu. Bütün bunlara baxmayaraq, proses irəliləmədi, çünki beynəlxalq qurumlar tərəfindən dəstək olmadı.

Medianın beynəlxalq təşkilatlarla əməkdaşlığına mənfi təsir göstərən müxtəlif amillər var:

- Ölkələrə qeyri-bərabər yanaşma
- Müəyyən təşkilatlara ictimai etimadsızlıq
- Dəqiqlik, qərəzsizlik və şəffaflıq məsələlərinin mövcud olmaması

Bəzi ölkələrdə medianın inkişafı və jurnalistlərin hüquqlarının qorunması ilə bağlı problemlər mövcuddur. Ancaq bəzən beynəlxalq qurumların bu problemləri aradan qaldırmağa çalışan ölkələri necə qınadıqlarını da görürük.

Beynəlxalq təşkilatlar hər bir ölkəyə ədalətli və qərəzsiz bir yanaşma formalaşdıra bilmirsə, bu müəyyən problemlərə yol açır.

Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalı ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq təşkilatların yanaşması ictimaiyyəti məyus etdi. Dünya mediası və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını, o cümlədən jurnalistlərin öldürülməsini qınamaq üçün vahid bir yanaşmanın olmaması əməkdaşlığın səmərəliliyinə inamı sarsıdır.

Əziz həmkarlar və dostlar!

Mühüm beynəlxalq strukturların nümayəndələrinin də iştirak etdiyi belə bir tədbirdə iştirak fürsətindən istifadə edərək, beynəlxalq təşkilatlarla media qurumları arasında əməkdaşlığın ədalətli və bütün ölkələrə qərəzsiz yanaşma şəklində idarə olunmasının zəruriliyinə dair məlumatlılığı artırmaq üçün bütün iştirakçıları qüvvələri birləşməyə və birgə çalışmağa çağırıram.

Diqqətinizə görə təşəkkür edirəm!"

Qeyd edək ki, simpozium Beynəlxalq İnsan Hüquqları Gününün qeyd olunması münasibətilə təşkil olunub.

Simpoziumda Əl-Cəzirə Media Şəbəkəsi, UNESCO-nun Söz Azadlığı və Medianın İnkişafı şöbəsi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalistləri Müdafiə Komitəsi, İctimai Media Şəbəkəsinin nümayəndələri; İnsan Hüquqları Müdafiəsinin Ön Cəbhəsi, BMT-nin məhkəmədənkənar işlər üzrə xüsusi məruzəçisi və digərləri iştirak edib.

Simpozium, Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin nəzarəti ilə ölkələr arasında tərəfdaşlıq və həmrəyliyin inkişafını müzakirə etmək üçün effektli bir dialoqun başlamasının təmin olunmasına istiqamətlənib. Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin nəzarəti altında ölkələr arasında tərəfdaşlıq və həmrəyliyin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün səmərəli dialoq təşkil edilib. BMT və müvafiq beynəlxalq təşkilatların müxtəlif müdafiə səyləri nəzərdən keçirilib. Digər tərəfdən, Forum Jurnalistlərin Müdafiəsi üçün Ümumdünya Bəyannaməsinin təşəbbüsünün informasiya azadlığı və jurnalistlərin müdafiəsini təşviq edən vahid beynəlxalq sistemin qurulmasının təməl daşı kimi göstərilməsinə xidmət edəcək.