Dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin əməkhaqları mərhələlərlə artırılacaq.
Bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illər ərzində Nazirlər Kabineti Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Ali Məhkəmə, Baş Prokurorluqla birlikdə dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlərin davam etdirilməsini, bununla bağlı təkliflər hazırlanmasını təmin etməlidir.
Bunun üçün ilk mərhələdə dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin əməkhaqlarının mərhələlərlə artırılması ilə bağlı təkliflər toplanılacaq və ümumiləşdiriləcək.
Dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin əməkhaqlarının mərhələlərlə artırılması ilə bağlı təkliflər təhlil olunacaq, qiymətləndiriləcək və dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin maddi-sosial təminatı gücləndiriləcək.