Azərbaycanda bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələlər həll edilib.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası zamanında fətva verib və çağırış edərək, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmaması, o cümlədən israfçılığa yol verilməməsi barədə tapşırıq verilib:
“Bu, tövsiyə xarakterli bir çağırışdır. İslamda yas mərasimləri ilə bağlı mütəxəsislərin, imamlarımızın geniş açıqlamaları var. Biri var adət-ənənələr, biri var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, İslam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü biruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz”.