• 9 Dekabr 2024
logo
SN: Son 6 ayda COVID-dən ana ölümü qeydə alınmayıb

SN: Son 6 ayda COVID-dən ana ölümü qeydə alınmayıb

Son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bunu Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikamızın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir:
"Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb. COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur".
O deyib ki, ölkədə trombemboliya ana ölümünün əsas səbəbi kimi göstərilir:
"Bir çox ekstragenital xəstəliklər – şəkərli diabet, müxtəlif mənşəli ürək qüsurları, ağciyər vərəmi, qaraciyər xəstəlikləri (virus hepatitləri), anadangəlmə və qazanılma tromboflebiyalar (qanın laxtanma faktor pozulmaları) ana ölümünün səbəbləri hesab olunur. Riskli hamiləlik vaxtında aşkar edilib, qarşısı alınmasa, bu ya dölün bətndaxili ölümünə, ya da xəstə uşağın doğulmasına səbəb olur".
O qeyd edib ki, dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir:
"Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır. Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvənləşməyə cəlb oluna bilərlər. Bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla təsdiqlənib. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir. İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir".
Həkim əlavə edib ki, son illər ölkəmizdə bətndaxili qan köçürmə əməliyyatı icra edilməsində mühüm addımlar atılır:
"Belə ki, göstərilən patologiyaları müəyyən etmək üçün amniosentez (ana bətnində dölyanı mayenin müayinəsi) və kordosentez (ana bətnində dölün göbək ciyəsindən götürülən qanın müayinəsi) əməliyyatları uğurla həyata keçirilir. Amniosentez əməliyyatı ambulator şəraitdə USM-nin nəzarəti altında yerli ağrısızlaşdırma ilə aparılır. 2-3 həftədən sonra əldə olunan nəticəyə əsasən dölün bətndaxili sağlamlığı qiymətləndirilir. Bu müayinəni artıq 7-8 ildir ki, ölkəmizdə aparılması bir çox ciddi xəstə dölün bətndaxili aşkara çıxarılmasına kömək edir. Kordosentez zamanı isə dölün göbək damarından qan götürməklə diaqnostik əhəmiyyət kəsb edən məlumatlar əldə edilir" - o deyib.