• 26 Aprel 2024
logo
AAK bir qrup doktorantın etirazına cavab verib

AAK bir qrup doktorantın etirazına cavab verib

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası bir qrup doktorantın xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid (minimum) balının yüksək olması ilə əlaqədar etirazına cavab verib.
Komissiyadan bildirilib ki, doktorantların müraciəti Komissiyaya daxil olub.
Qeyd olunub ki, fəlsəfə doktorluğu imtahanlarının keçid balı məsələsi müraciətdən əvvəl də komissiyanın gündəliyində olub: “Vəziyyət barədə məlumatlı idik. Hər imtahandan sonra Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb, statistikanı öyrənirik. Nə qədər iddiaçının müraciət etdiyi, neçəsinin müvəffəqiyyət qazandığı, hansı göstəricilərin əldə olunduğu haqqında statistikanı öyrənirdik. Məsələ ilə bağlı artıq müxtəlif səviyyələrdə müzakirələr aparılıb. Müzakirələr bitmək mərhələsindədir. Yaxın günlərdə yekun qərar veriləcək. Bu qərarlar birtərəfli şəkildə deyil, Rəyasət Heyətinin qərarı ilə verilir. Buna görə müzakirə tələb edən məsələ idi. Qərardan sonra dərhal bu barədə məlumat veriləcək. Məsələnin iddiaçıların xeyrinə, müsbət istiqamətdə həll olunacağını düşürünük”.
Qeyd edək ki, bir qrup doktorant xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid (minimum) balının yüksək olması ilə əlaqədar müraciət edib. Müraciətdə bildirilib ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanı “minimum” imtahan kimi qəbul edildiyi təqdirdə Azərbaycanda təhsil alan doktorant və dissertantlardan minimum 70% (35/50) müvəffəqiyyət göstəricisinə malik olan imtahan nəticəsi tələb edilir. Bu da keçid balının “minimum” imtahanının şərti adına zidd olması ilə yanaşı, ölkədə təhsil alan doktorant və dissertantların dissertasiya işlərini müdafiə etmələrinə əngəl yaradır. Həmçinin vurğulanıb ki, bu səbəbdən 14.02.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 195 nəfər doktorant və dissertantdan 147 nəfər, 20.06.2021-ci ildə xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 244 nəfər doktorant və dissertantdan 203 nəfər, 19.12.2021-ci ildə həyata keçirilmiş xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmiş 316 nəfər doktorant və dissertantdan isə 248 nəfəri dissertasiya müdafiəsinə buraxılmayıb.