• 19 May 2022
logo
Təhsil İnstitutu dərsliklərlə bağlı problemə münasibət bildirib

Təhsil İnstitutu dərsliklərlə bağlı problemə münasibət bildirib

“Dərsliklər hazırlandıqdan sonra ölkədəki ən yaxşı mütəxəssis qrupları tərəfindən yoxlanılır və ona rəy verilir. Hətta bu dərsliklər rəy üçün Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq İnstitutlarına, universitetlərdə pedaqoji fakültələrdə olan mütəxəssislərə, eyni zamanda, Dövlət İmtahan Mərkəzinə göndərilir”.
Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, gələn rəylər müzakirə olunur və müəyyən təkmilləşmə işləri aparılır, sonda təsdiq olunur: “Yalnız bundan sonra dərsliklər tətbiq üçün verilir. Təhsil İnstitutunun hazırladığı ehtiyat dərsliklər I-II siniflərdə tətbiq olunmağa başlayıb, onları kütləvi istifadəyə verməzdən qabaq iki il 150-200 məktəbdə monitorinq edirik. Həmin monitorinq dövründə müəllimlərin, valideynlərin və uşaqların rəyləri əsasında yenə də təkmilləşmələr aparırıq. Dərslik kütləvi istifadəyə getməzdən qabaq ən azı 1-2 il pilot tətbiqdə olmalıdır, onunla bağlı istər məzmun, istər texniki, ümumilikdə bütün problemlər öyrənilib təkmilləşdirilməlidir. Bundan əlavə, mütəxəssis rəylərindən sonra dərslikləri www.trims.edu.az saytına yerləşdiririk ki, ictimai müzakirə getsin. İctimai müzakirə nəticəsində də müəyyən rəylər olsun. Yenə də ö rəylərə baxılır, müzakirə olunur, daha sonra dərslik məktəblərə gedir. Düşünürəm ki, bu, yaxşı praktikadır, amma hələ ki, bunu bütün dərsliklər üçün yox, yalnız Təhsil İnstitutunun hazırladığı dərsliklər üçün edirik, yaxşı da nəticələr verir. Düşünürəm ki, bunu gələcəkdə bütün dərsliklər üçün etməliyik”.
Bütün yoxlamalara baxmayaraq, yenə də dərsliklərdə problemlərin olması məsələsinə gəldikdə, İnstitut direktoru deyib ki, o yoxlamaları daha məsuliyyətlə keçirmək lazımdır: “Həm də bu proses valideynlər üçün də açıqdır. Onlar da, mütəxəssislər də sayta girib dərsliklərə baxa bilərlər. Cəmiyyəti bu istiqamətə daha çox yönəltməliyik, insanlar daha çox maraqlanmalıdır. Düzdür, səhv tapan kimi biz onu düzəldirik, amma şərait yaradılıb ki, bir yerdə baxılsın. Valideynləri həmin dərsliklərə baxıb, müzakirə etməkdə o qədər də maraqlı görmürük. Çünki geri dönüş azdır. Bəlkə də biz daha çox kommunikasiya etməliyik ki, belə resurslarımız var, baxa bilərsiniz. Pilot monitorinqləri çoxaltmalıyıq. Problem varsa, daha çox iş görməliyik”.