• 27 Aprel 2024
logo
Azərbaycanda Türkiyənin himayədar ailə modelinin tətbiqi ilə bağlı hazırlıq işləri aparılır

Azərbaycanda Türkiyənin himayədar ailə modelinin tətbiqi ilə bağlı hazırlıq işləri aparılır

Valideyn himayəsindən məhrum uşaqların dövlət müəssisələrində yaşamasının alternativ variantı kimi dünyanın bir çox ölkələrində himayədar ailə qayğı modeli tətbiq edilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, bu model həmin uşaqların himayədar ailələrə verilməsini, bununla da onların ailə mühitində yaşamalarına şərait yaradılmasını ehtiva edir. Çünki ailə mühitində uşaqlara fərdi yanaşma tətbiq edilir, bu da onların inkişafına, onların cəmiyyətə inteqrasiyasına daha müsbət təsir edir.
“Azərbaycanda da himayədar ailə qayğı modeli tətbiq ediləcək və bunun üçün hazırlıq işləri aparılır. Qardaş Türkiyənin bu sahədə təcrübəsindən istifadəyə xüsusi önəm verilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında ardıcıl təcrübə mübadilələri aparılır. “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində institusional hazırlıq, normativ hüquq aktların layihələrinin hazırlanması işləri davam edir” - məlumatda qeyd edilib.
Bildirilib ki, həmin layihələr hazırlandıqdan sonra himayədar ailə qayğı modelinin necə təşkil edilməsinin nəzərdə tutulduğu barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi də himayədar ailə modelinin Azərbaycanda tətbiqi üçün iki ölkənin səlahiyyətli orqanlarının fəaliyyətə başladığı barədə məlumat yayıb.