• 20 May 2022
logo
6191 nəfərə amnistiya aktı tətbiq edilib

6191 nəfərə amnistiya aktı tətbiq edilib

“8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının icrası çərçivəsində bu günə qədər Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə amnistiya aktı tətbiq edilib. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib. O bildirib ki, probasiya qurumlarının Baş Prokurorluqla razılaşdırılmış qərarları ilə 3556, məhkəməyə verilən 4024 təqdimat əsasında bu günə qədər 2635 məhkum haqqında amnistiya aktı tətbiq edilib. Onlardan 506 nəfər qadın, 20 nəfər yetkinlik yaşına çatmayan, 6 nəfər əcnəbi, 243 nəfər 60 yaşına çatmış, 6 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır.
Amnistiya tətbiq olunmuş şəxslərdən 2457 nəfər islah işləri, 77 nəfər isə ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Cərimə cəzasından azad edilmiş 1022 məhkum 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad edilib.
Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1542 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 1075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb.