• 21 İyul 2019
logo
add image
Gözdən əlillər üçün binanın tikintisi gələn il ərzində yekunlaşdırılaraq istifadəyə veriləcək

Gözdən əlillər üçün binanın tikintisi gələn il ərzində yekunlaşdırılaraq istifadəyə veriləcək

Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Prezident İlham Əliyevin 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, sərəncam Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutur. Cari ildə müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.
Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.
Gözdən əlilliyi olanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan biri kimi, Bakının Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olması üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər aylıq sosial müavinət və ya əmək pensiyası ilə təmin olunurlar. Həmin müavinət və ya əmək pensiyası ilə yanaşı, I qrup gözdən əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. 15 aprel 2019-cu il tarixli Fərmanla isə I qrup gözdən əlilliyi olanlara qulluq edənlər üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü də təsis edilib. Pensiya qanunvericiliyində I qrup əliliyi olanlar (o cümlədən gözən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında güzəştlər nəzərdə tutulub.
Bu kateqoriyadan olanların məşğulluq imkanlarının və əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə də müvafiq işlər aparılır.