• 25 Aprel 2024
logo
Azərbaycan UNESCO-nun komitə iclasında iştirak edib

Azərbaycan UNESCO-nun komitə iclasında iştirak edib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdə olub.
Dövlət Xidmətindən verilən məlumata görə, nümayəndə heyəti səfər çərçivəsində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib.
Komitənin gündəliyində əsas məsələlərdən biri olan milli hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək bildirib ki, protokolun icrası barədə milli hesabatlarıntəqdim edilməsinə Azərbaycan tərəfi böyük önəm verir. Azərbaycan tərəfinin təqdimetdiyi milli hesabatda işğaldan azad olunmuş ərazilərdə yerləşən milli irsimizlə bağlı məqamlar öz əksini tapıb. Vurğulayıb ki, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə işğalçı tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, və bərpası üzrə tədbirlər görülməkdədir. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinq prosesinə əsas maneə təhlükəsizlik məsələsi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən abidələrin ətrafına yerləşdirilmiş müxtəlif tipli, həmçinin piyadalar əleyhinə minalardır.
Xidmət rəisi bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə abidələrin qorunması ilə əlaqədar mütəşəkkil və sistemli bir fəaliyyəti həyata keçirir. Postmüharibə dövründə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfi öz nümunəvi təcrübəsini digər dövlətlərlə də paylaşmağa hazırdır.
Qeyd edək ki, komitə iclası zamanı abidələrin qorunması üzrə monitorinqin və nəzarətin həyata keçirilməsi üzrə alt komitənin mandatının uzadılması qərara alınıb və Azərbaycan tərəfi də bu qərara öz dəstəyini verib.