• 29 Mart 2024
logo
“Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir...”

“Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir...”

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar olaraq, ömrünün 38 ilini bu sahəyə həsr etmiş, rabitəçi-ekspert Fəzail Əliyevlə həmsöhbət olduq. Onun həm peşə fəaliyyətinə, həm şəxsi həyatına qısa nəzər salmaq istədik.
- Salam Fəzail müəllim. Necəsiz?
- Salam. Çox sağ olun. Yaxşı olasınız?
- Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi qeyd olunur. Bu bayram əsl sizin kimi rabitəçilərin peşə bayramıdır. Necə qeyd edirsiniz bu bayramı?
- Söhbətimizə başlamamışdan öncə fürsətdən istifadə edib bütün rabitəçiləri və rabitəyə əmək sərf edən bütün əməkdaşları peşə bayramımız münasibəti ilə ürəkdən təbrik edirəm. Qeyd etməyə gəlincə, bu bir peşə bayramıdır. O bayram ki, sizin əməyinizə qiymət verilmə münasibəti ilə qeyd olunur, onu necə qeyd etməmək olar?
- Rabitəyə ilk gəlişiniz necə olub? Bu illəri necə xatırlayırsınız?
- Rabitə sahəsinə ilk gəlişim 80-ci illəri əhatə edir. Hansı ki, ölkə rabitəsinin hər iki dönəmini, həm inkişafını həm də durğunluq dövrünü gördüm. 1980-ci ildən təxminən 1985-ci ilə qədər rabitə sahəsi sürətlə inkişafa doğru getdi. Burada Heydər Əliyevin rolunu xüsusi qeyd etməliyəm. 1970-ci illərin əvvəllərində aparılan islahatlar özünü göstərməyə başlamışdı. 1980-ci ildən sonra respublikamızda 280 minə yaxın nömrə tutumlu ATS-lər və Mini ATS-lər quraşdırılmağa başlamışdı. Bir çox rayonlarda yeni ATS-lər tikilməyə başlandı. Amma məlum səbəblərdən 1985-ci ildən sonra inkişaf getdikcə zəifləməyə başladı. 1990-cı illərdə isə ən çətin dönəmləri yaşayırdıq. Təxminən 1993-94-cü illərdən sonra yenidən rabitənin inkişafından söz etmək olardı.
Amma mənim bu sahə ilə ilk tanışlığım hardasa hərbi xidmət illəri dövrümə düşür. Təyin olunmuş hərbi məntəqələrə rabitə xəttlərinin çəkilişini, xidmət etdiyim bölmələr edirdi. İlk təcrübələrim buradan başladı. Xidmətimi başa vurduqdan sonra, bir müddət Koraoba kənd məktəbində “pioner baş dəstə rəhbəri” işləməyə başladım. Sonra rabitəyə üz tutdum. Peşəkar fəaliyyətimə başlamam müəyyən qədər ailədən irəli gəldi. Böyük qardaşım Cəbrayıl Osmanov rabitəçi idi. 54 illik təcrübəsi var. İndi əmək veteranı kimi prezident təqaüdü alır. Onun həyat yoldaşı və böyük oğlu Malik Osmanov da rabitəçi idi. İlk illərimə qardaşımla birgə “montajçı” kimi başladım. Sonralar fəaliyyətim tamamilə bu istiqamətə yönəldi. Zamanla dərəcələrim artdı. 6-cı dərəcəyədək yüksəldim. Çalışdığım kollektivdə gələcək həyat yoldaşımla tanış oldum.
- Maraqlıdır. Lap “İşdə Məhəbbət Macərası” filmini xatırlatdınız... Bu məsələyə mütləq qayıdacağıq. Rabitəyə gəlişinizi ailənizlə əlaqələndirdiniz. Tam olaraq nəyi nəzərdə tutursunuz? Rabitəçi ailəsində doğulmuşdunuz?
- Xeyir! Atam Ömər Əliyev ömrü boyu təsərrüfat sahəsində fəhləlik edib. Təsərrüfatla, arıçılıqla məşğul olub. Müəyyən dövrlərdə rayonumuzdakı Lenin adına Sovxozda qarovulçu işləyib. Həm də müharibə iştirakçısı olub. Dunay çayı ətrafındakı döyüşlərdə xüsusi igidlikləri olub. Anam isə evdar qadın idi. Elə böyük qardaşımı nəzərdə tuturdum. Bir də atamın əmisi oğlu Sadıq Əliyev, uzun müddət poçt rəisi çalışmışdı. Demək olar onun da ailəsində hamı rabitəçi idi. Bütün bunlar bir növ ailə bağlarıdır. Deyilmi?
- Doğrudur. Bəs bu sahəyə maraq necə yarandı?
- Mən ümumiyyətlə səbr, təmkin tələb edən işlərə böyük maraqla yanaşmışam. Bu kimi işləri sevmişəm.
- Məsələn hansı işlər?
- Həm məktəbdə oxuduğum illərdə həm də məktəbdə işlədiyim dövrlərdə bütün divar yazılarını, afişa və elanları, divar qəzetlərini, divar rəsmlərini mən çəkirdim. Bayraqlar tikib hazırlayırdım. Hərbi xidmət illərimdə də bütün bu kimi təşkilati və yaradıcı işlərdə xüsusi fəallıq edirdim. Dülgərlik üzrə dərəcəm olub. Hətda bərbərlik və dərzilik qabiliyyətim də var.(gülür)
Rabitə də bütün bunlar kimi həssas və çətin sahədir. Gördüyün işi həvəs, təmkin və səliqə ilə görməlisən. Rabitəçilər yaxşı bilir.
- Deməli rəssamlıq qabiliyyətiniz də va. Bu lap sürpriz oldu. Doğrudan da saydığınız bütün işlər dediyiniz kimi səbr, təmkin və səliqə tələb edir. Bəs bütün bunları bir kənara qoyub niyə məhz rabitəni seçdiniz?
İnsan özünü hansı sahədə daha xoşbəxt hiss edirsə o sahədə də qalmalıdır. Rabitə bir xidmət sahəsidir. İnsanlara xidmət edirsən. Vətənə hər hansı bir sahədə xidmət etmək çox fərqli hissdir, qürurvericidir.
- Bəs bu yolda davam etməyinizin əsas səbəblərindən biri ömür yoldaşınız ola bilər?
- Ola bilər yox. Ümumiyyətlə onun bu işdə öz xüsusi rolu var.
- İndi necə? Yoldaşınız da rabitəçi kimi çalışır?
- Yox. Evdardır. Mən qardaşımın briqadasına gələndə o artıq təcrübəli bir “montajçı” idi. Bir çox rayonlarda ilk ATS-lərin qurulmasında iştirak etmişdi. Ümumən rabitədən çox yaxşı anlayışı var.
- Bəs niyə davam etdirmədi?
- Onun ən böyük xidməti övladlarımızı düzgün tərbiyələndirib, boya-başa çatdırmaq idi və şükür ki, bunun öhdəsindən gəlib.
- Allah can sağlığı versin. Övladlarınız nə işlə məşğuldur? Sizin yolunuzu davam etdirən var?
- Hər iki oğlum informasiya texnologiyaları sahəsində çalışırlar. Böyük oğlum Sədail uzun müddətdir ki, mənimlə eyni şirkətdə Şəbəkə Mütəxəssisi kimi çalışır. Kiçik oğlum Elçin də özəl şirkətlərin birində bu sahədə mütəxəssisdir. Qızım isə ingilis dili müəllimliyini oxuyur. Bu onun ikinci ali təhsilidir.
- Övladlarınızın bu sahəyə gəlməsində sizin rolunuz nə qədərdir?
- Seçimi özlərinə buraxmışdıq. Hərəsinin ayrı ali ixtisasları var. Sədail “beynəlxalq münasibətlər” fakültəsini bitirib. İxtisasca “diplomat”dır. Elçin isə “idarəetmə”ni bitirib. Mən sadəcə bir ata kimi onlara düzgün istiqamət vermişdim. Bayaqkı sualınıza qayıtsaq mən olmasam da onlar rabitəçi ailəsində doğulmuşdular. Gözlərini açıb kabellər, liflər, test cihazları, lehimləmə cihazı, rusca biz ona “паяльник” deyirik də və bu kimi bir çox belə avadanlıqlar görmüşdülər. Bu sahə onlar üçün heç də yad deyildi. Söz elə onlardan düşmüşkən, deyim ki, hər ikisi 44 gün davam edən “Vətən Müharibəsi”nin iştirakçısı oldular. Onların harada olduqlarını yaxşı dərk edirdik amma içimizdə bir qələbə hissi var idi. Çətin də olsa qürurverici günlər yaşadıq. Çox şükür ki, sağ salamat qayıtdılar. Ali baş komandanımızın sərəncamı ilə hər ikisi “Kəlbəcərin azad olunması medalı” ilə təltif edildilər. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah bir də xalqımıza müharibə günləri yaşatmasın.
- Amin Fəzail müəllim. İndi başa düşdüm nəyə görə xidmət sözünü bu qədər çox istifadə edirsiniz. Vətəninizə bağlı insan olduğunuz hər cümlənizdən hiss olunurdu. Bir az haşiyədən kənara çıxaq. Bəs bu bağlığı yaradan nədir?
- Düşünürəm ki, hər şeyin təməlində ailə durur. Atam çox xeyirxah adam olub. Özündən və ailəsindən çox xalqına xidmət edib. Kənd camaatı üçün etmədiyi iş yox idi. Öz əl zəhmətini təmənnasız camaata paylaya biləcək ürəyə sahib idi. Kimisinə ev tikib, kimisini evində yedirib. Kimsəsiz uşaqlara, köməksiz ailələrə əl tutub. Kəndimizdəki ilk məktəbin tikilməsinin əsas təşəbbükarlarından biri olub. Həmin məktəbin inşasında da heç bir təmmanasız birbaşa özü iştirak edib. Kənd camaatı üçün su quyusu qazıb istifadəyə verib və s. Bunları saymaqla bitməz. Gərək onun bu fəaliyyəti üçün ayrıca müsahibə olsun. Beləcə biz də ailədən görürdük. Bütün bunların şahidi olaraq böyüyürdük. Xalqa, insanlara sevginin nə olduğunu anlamağa başlayırdıq.
- Qayıdaq rabitə fəaliyyətinizə. Bir az bu haqqda təəssüratlarınızı bizimlə bölüşün.
- Sovet dönəmindən indiyədək respublikanın bir çox rayon və bölgələrində ilk ATS-lərin qurulmasında iştirak etmişəm. Həmçinin paytaxtımızın 12 rayonunda. Bakıətrafı kənd və qəsəbələrin demək olar hamısının telefonlaşdırılması işində xidmətlərim olub. Mingəçevir, Gəncə, Yevlax, Sumqayıt, Naxçıvan, Lənkəran kimi böyük şəhərlərdə çalışmışam. Sonralar ATS-lər elektronlaşdırıldı. Mən də bu istiqamətdə özümü inkişaf etdirib davam etməyə başladım. “Montajçı” vəzifəsindən başlayıb hal hazırda “ekspert” vəzifəsinə qədər gəlmişəm. Bütün bunların hamısı təcrübə ilə, zəhmətlə qazanılıb. 38 ildir ki, telekommunikasiyadayam. Müasir rabitəmizin qurulmasına gəldikdə isə bir çox beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etmişəm.
- Çalışdığınız şirkətdə ağsaqqal və ən təcrübəli işçi kimi sizin təcrübələrinizdən necə istifadə olunur?
- Ağsaqqal ola bilərəm amma ən təcrübəli demək düzgün ifadə deyil. Çünki bu sahə o qədər dərin və geniş bir sahədir ki, hamısını mənimsəmək qeyri mümkündür. Mənimlə bərabər Eurodesign şirkətində çox savadlı, və təcrübəli kadrlar çalışır. Öz ixtisası üzrə gənc, lakin təcrübələri və bacarıqları kifayət qədər çox olan işçilərimiz var. Biz kollektiv olaraq hər zaman bir birimizin fikirlərinə hörmətlə yanaşırıq. Təbii ki, ən yaşlı işçilərdən biri olduğuma görə fikirlərim çox vaxt ön plana atılır və təcrübələrimə dəyər verilir. Çox sağ olsunlar.
- İndi bu sahədə ekspert vəzifəsini icra edirsiniz. Hansı islahatlar keçirmisiniz və ya hansı təkliflər vermisiniz?
- Bunu sizə ən yaxşı şirkətimizin rəhbərləri deyə bilər, mən yox. (gülür)
- İndi deyirsiniz onlardan da müsahibə alaq?
- Niyə də yox? Bu şirkətdə ixtisasını bilən çox güclü mütəxəssislər cəmləşib.
- Dediniz ki, 38 ildir ki, bu sahədə çalışırsınız. Necə düşünürsünüz? Sizə layiqincə dəyər verilirmi?
- Mənim dəyərim, uğurla tikdiyim ATS-lərdir. Uğurla başa vurduğumuz layihələrdir. Təcrübələrdimdən istifadə olunmasıdır. Yetişdirdiyim tələbələrdir.
- Tələbələriniz var?
- Çoxdur.
- Münasibətləriniz necədir? Bəzi müəllimlər sonralar tələbələrindən narazı olurlar.
- Desəm ki, hər biri ilə münasibət var yalan olar. Mümkün deyil. Səbəbi isə sadədir. Nömrəsini dəyişən olur, başqa yerlərdə yaşamağa gedənlər olur. Qısamüddətli tanışlıqlar olur ki, sonradan mütləq əlaqələrin itməsinə gətirib çıxarır. Normal prosesdir. Çoxu ilə münasibətim var. Elələri var ki, elə indi də birlikdə çalışırıq. Bəziləri var ki, məndən də yüksək vəzifələrdə qərarlaşıblar. Bəziləri fərqli qurum və orqanlarda çalışmağa davam edirlər. Narazılıq yoxdur. Niyə olmalıdır ki? Bəzən haradasa oturanda kimsə yaxınlaşıb görüşür. Deyirəm ki, “üzr istəyirəm tanımadım”. Deyir filan vaxtı filan yerdə birlikdə işləməşik. Yaxud filan vaxtlarda sizdən filan qədər şey öyrənmişik indi bunun bəhrəsini görürük. Hər zaman inkişaf etmələri üçün çalışmışam. Özümdən sonra gələnlərin inkişafı daha çox önəmlidir. Hər birinə daha böyük nailiyyətlər arzulayıram. Sualınızın məqsədini də anladım. Bilirsiniz? Ümumiyyətlə insan bildiyini öyərtməkdən qorxmamalıdır. Tələbən səndən yüksəyə qalxıbsa demək yaxşı öyrətmisən. Buna yalnız sevinmək lazımdır. Əgər nə vaxtsa o öyrətdiyin, əmək sərf etdiyin şəxs səni müəllimi kimi görmək istəmirsə qoy istəməsin. Qoy hər yerdə desin ki, mən filankəsdən heç nə öyrənməmişəm. Hər şeyə özüm nail olmuşam. Bunu sadəcə dildə deyir. Beyini və ürəyi bu reallığı çoxdan qəbul edib. Müəllim öyrədən şəxsə deyirlər. Həyatımızda mütləq bir nəfər də olsa müəllim olur. Gözünü açdığın ilk andan müəllimin var. Anan, atan! Müəllimsiz nəyəsə nail olmaq olmaz.
- İndiki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti barədə nə deyə bilərsiniz? Sizcə indiki vəziyyət necədir?
- Hər kəsin işinin öhdəsindən gəldiyinə və inkişaf üçün əlindən gəldiyini əsirgəmədiyinə inanıram. Bu sahədə durğunluq, kifayətlənmək, “daha bəsdir” demək qeyri mümkündür. Daim inkişaf etməlisən. Yeni texnologiya ilə ayaqlaşmağı bacarmalısan. İnsanlar öyrəndikcə, inkişaf etdikcə ölkənin də texnologiyası inkişaf edəcək. Bunlar bir-biri ilə sıx bağlılıq təşkil edir.
- Bu sahədə hansı yenilikləri təklif edərdiniz?
- Təhsilə çox böyük önəm verilməlidir. Peşəkarlar seminarlara, mühazirələrə, debatlara cəlb olunmalıdır. Fərqi yoxdur, yaşlı ya gənc. Əgər rabitənin tarixindən bəhs ediləcəksə yaşlı peşəkarlar, müasir texnologiyadan bəhs ediləcəksə gənc peşəkarlar daha faydalı olacaq. Təhsil müəssələrində bu sahəyə marağı artıra biləcək infrastruktur var. Tələbələrin diplom işləri hansısa şərti obyektlərin və ya hansısa şərti şəhərin rabitə infrastrukturunun qurulması olmalıdır. Teoriya hər zaman kifayət etmir. Praktika vacibdir.
- Son olaraq gənclərə nə tövsiyyə edərdiniz?
- Səbr və təmkin! Təkcə iş həyatında yox. Şəxsi həyatlarında da. Sevdikləri işin arxası ilə də səbrlə getsinlər! Uğuru qazanacaqlar! Əməklərini təkcə özlərinə yox, xalqın, vətənin inkişafı üçün də sərf etsinlər!
- Çox sağ olun Fəzail müəllim! Sizin kimi səmimi, gülərüz insanla söhbətimiz çox xoş və maraqlı keçdi! Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bir daha peşə bayramınız mübarək!

Nərmin Bəxtiyarqızı