• 17 Aprel 2024
logo
Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik çəpərlərdən istifadə oluna bilər

Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik çəpərlərdən istifadə oluna bilər

Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik çəpərlərdən istifadə oluna bilər.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır. Bunun səbəbi yırtıcıların yem bazasının azalması, daha çox qida tapmaq üçün axtarışa çıxmasıdır.
H.Əlizadə deyib ki, yırtıcıların hücumunun artmasının səbəbi heç də onların sayının çoxalması ilə bağlı deyil: "Zoologiya İnsitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı təxminən 2000 başdır. Bu da ümumi qəbul edilmiş artım dinamikasına uyğundur. Canavarların təsərrüfat heyvanlarına hücum etməsinin digər səbəbi yaşayış məntəqələrinin sayının artması və evlərin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır. Əslində, kənd təsərrüfatı heyvanları qapalı şəraiti saxlanılmalıdır. Amma Azərbaycanda heyvanlar sahələrə, meşələrə buraxılır, nəticədə yırtıcıların yeminə çevrilir. Ən son hadisəni nümunə göstərim. Zaqatalada canavarın qoyunlara etdiyi hücumla bağlı araşdırma apardıqda məlum oldu ki, fermerlər qoyunları açıq əraziyə buraxıb, toya gediblər və heyvan yiyəsiz qalıb".
H.Əlizadə canavarların yemsiz qalmasının qarşısını almaq üçün meşələrə onlar üçün yem qoyulmasını da effektiv saymayıb: "Canavar 40-60 km məsafədə miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlar üçün meşələrə yem qoymağı effektiv saymıram. İnsanlar daha məsuliyyətli olmalıdır. Heyvanları qorumaq üçün elektrik çəpərin çəkilməsindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatarsa, o zaman dövlət tərəfindən saylarının tənzimlənməsi məsələsinə müdaxilə oluna bilər".