• 19 Aprel 2024
logo
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı “Zəfər” altsistemi yaradılıb

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı “Zəfər” altsistemi yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılıb.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
- altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etsin;
- bu Fərmanda nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etsin;
- altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görsün;
- “Əlillik” (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) altsistemin Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini təmin edəcək.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları:
- altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu almış şəxslərə dair məlumatların altsistemə daxil edilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər;
- şəhid və şəhid ailəsi statusunun, habelə müharibə veteranı statusunun verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatın altsistemə daxil edilməsini təmin etsinlər.