• 16 Aprel 2024
logo
Deputat: “İşğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək”

Deputat: “İşğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək”

“44 günlük Vətən müharibəsindən 1 il ötsə də, tarixi qələbə ovqatında Zəfər təntənəsi davam edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri də qələbə təntənəsinin ifadəsidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın torpaqların işğaldan azad edilməsinin birinci ildönümündə rayonlara səfər etmələri doğma Qarabağımızın dirçəlişini tərənnüm edir: “Oktyabrın 4-də Cəbrayıla, oktyabrın 17-də Füzuliyə, ondan 3 gün sonra Zəngilana, oktyabrın 25-də isə Qubadlı rayonuna gerçəkləşən səfərlər azad olunmuş ərazilərin bərpasının dövlətimizin başçısının xüsusi diqqət mərkəzində olduğunu təsdiqləyir. Eyni zamanda, səfərlərin işğal altında olmuş şəhərlərin azad olunmasının ildönümlərində reallaşması rəmzi məna daşıyır”.
F. Yıldırım qeyd edib ki, Vətən müharibəsində Qubadlının azad edilməsi müharibənin taleyində mühüm rol oynayıb və Azərbaycan Prezidenti Qubadlı ictimaiyyəti ilə görüşündə də bunu xüsusi qeyd edib: “Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll edilməsi demək idi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı. Ancaq dövlət başçısının da qeyd etdiyi kimi, artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətin qaçılmaz, müqavimətin mənasız olduğunu, ordusunun qalıqlarının da məhv ediləcəyini dərk etdi. Buna görə də noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul etdi, etiraf etdi, bu məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu”.
Deputat şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillərin həmişə şəhidlərimizlə fəxr edəcəyini vurğulayıb: “Azad edilmiş rayonların ictimaiyyəti ilə yerində görüşlər zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin də hər zaman şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına xüsusi münasibəti göz önündədir. Qubadlıya səfər zamanı ictimaiyyət nümayəndələri ilə görüşdə dövlət başçısı Qubadlıdan olan şəhid, Milli Qəhrəman Şükür Həmidovdan, onun qəhrəmanlıqlarından xüsusi bəhs etdi, Şükür Həmidovun atası ilə görüşündən danışdı. Bu, ictimaiyyət nümayəndələri ilə görüşdə ən təsirli məqam idi. Dövlət başçısının qeyd etdiyi kimi, Şükür Həmidov hərbçilərimiz, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcək. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlayıb”.
F. Yaldırım bildirib ki, işğal dövründə Qubadlı şəhəri də demək olar ki, yerlə-yeksan edilib. Azərbaycan Prezidenti ictimaiyyət nümayəndələri ilə görüşdə Qubadlı şəhərinin Baş planının hazırlandığını və yaxın aylarda təqdim ediləcəyini açıqlayıb. Dövlət başçısı Baş plan hazırlanarkən Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması barədə tapşırıq verib. Ümumiyyətlə, bu məqama işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərində xüsusi önəm verilir: “Dövlət başçısının tapşırığına əsasən, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlərin aparılması isə başlanıb. Oktyabrın 25-də yeni açılan yarımstansiya azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır və bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakı 12 meqavat olubsa, bu yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Bu, həm də Qubadlının gələcək inkişafına baxışdır. Digər tərəfdən, Zəngilandan Qubadlıya, Laçına dar bir yol olub, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun. Bu aspektdə su resurslarını da xüsusi qeyd etmək lazımdır. Qubadlı rayonu ərazisindən iki böyük çay – Bazarçay və Həkəri keçir. Bu, böyük sərvətdir, çünki indiki şəraitdə su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Bütün bunları nəzərə alaraq, gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması da dövlət başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək”.
Deputatın sözlərinə görə, tarixi Qələbəmizdən bu günədək dövlət başçısının işğaldan azad olunmuş torpaqlara səfərləri Prezident İlham Əliyevin bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir: “Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır. Çünki Prezident İlham Əliyev bu görüşlərdə azad edilmiş ərazilərimizdə görülən işlərdən geniş bəhs edərək daim zamanın yeganə rəqibimiz olduğunu açıqlayır. Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Qarabağla, Şərqi Zəngəzurla Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək. Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş 3 rayonumuzda beynəlxalq standartlara cavab verən hava limanlarının inşa edilməsi, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Əlbəttə ki, 30 ilə yaxın erməni tapdağında olan Qarabağımızın çiçəklənməsi hər bir vətəndaşımızın ən böyük arzusudur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli ilə rəşadətli Ordumuz bizə Qarabağın azadlığını yaşatdı. Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz bütün dünyanı heyrətləndirdi. Beləliklə, Azərbaycan Vətən müharibəsindəki parlaq qələbəsi ilə yaratdığı reallıqları daha da möhkəmləndirir. Bu reallığı düzgün qiymətləndirənlər ondan böyük faydalar qazanacaq, qiymətləndirməyənlərin isə özləri itirəcək”.