• 19 Mart 2024
logo
Badamdar sürüşmə sahəsində son vəziyyət açıqlanıb

Badamdar sürüşmə sahəsində son vəziyyət açıqlanıb

"Badamdar sürüşmə ərazisində 2018-ci ildən başlamış əks tədbirlər çərçivəsində FHN nəzdində Yaponiya şirkətlərinin əməkdaşları ilə birlikdə 4 mərhələli layihə hazırlanıb. Layihədə əsasən ilk olaraq sürüşmənin əsas səbəbi olan yeraltı suların ərazidən kənarlaşdırılması üçün tədbirlər planı hazırlanıb".
Bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaat Layihə İnstitutunun Geoloji şöbəsinin rəisi Samir Vəliyev deyib.
O bildirib ki, həmin tədbirlərdə dərinliyi 30 metr, diametri 3.5 olan vertikal istiqamətdə quyular qazılıb: "Həmin quyuların içərisindən uzunluğu 50-60 metr olan üfüqi istiqamətdə sugötürücülər quraşdırılıb. Hazırda o işlər yekunlaşıb. Aparılmış müşahidələrə görə, yeraltı suların səviyyəsi 7-8 metr aşağı düşüb. Bu mərhələ yekunlaşdıqdan sonra Badamdar-20-ci sahə yolunun sağ tərəfində dərinliyi 9 metr olan beton svaylar üzərində istinad divarı inşa edilib. Bu işlər də yekunlaşıb. Yolun bir hissəsi torpaq kütləsindən təmizlənib. İkinci mərhələ üzrə terraslarda beton svaylar üzərində rosveklər quraşdırılmaqla bərkitmə işlərinə başlanılıb. Birinci terras üzrə işlər yekunlaşıb. Hazırda ikinci terras üzrə dəmir beton svayların qurulması işləri həyata keçirilir. Bu mərhələlər bitdikdən sonra yamacın yuxarı hissəsində ankerləmə işləri davam edəcək. Bu da yamac bərkitmə işlərinə aiddir. Ankerler dərinliyi 5-6 metr olmaqla qurulacaq. Qurulduqdan sonra isə üzəri betonla hamarlanacaq. Bu mərhələlər bitdikdən sonra sürüşmə sahəsində infiltrasiya olunması ehtimal edilən suları kənarlaşdırmaq üçün qaleriyalar quraşdırılacaq. Bu da drenaj şəbəkəsidir".
S. Vəliyev qeyd edib ki, bundan sonra yamacda abadlıq işləri həyata keçiriləcək: "Yamac bərkitmə işləri ilin axırına kimi hava şəraitindən asılı olaraq həyata keçiriləcək. İlin axırına layihə üzrə planı yerinə yetirməyi planlaşdırırıq. Yamacın dayanıqlılığı layihəyə tam cavab verir. Ümumi olaraq sular sahəyə daxil olmadığı təqdirdə yamacın dayanıqlılığı təmin olunacaq".