• 11 Oktyabr 2024
logo
Ağdam RİH başçısının müavini: 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsinə hazırlıq aparılır

Ağdam RİH başçısının müavini: 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsinə hazırlıq aparılır

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ağdamda 10 min ağac əkiləcək.
Bunu Trend-ə Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Allahverən Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində rayonun Bərdə-Ağcabədi yolunun Quzanlı qəsəbəsinin ərazisindən keçən hissəsində-yol ətrafındakı qurumuş ağacların əvəzinə 250 ağac əkiləcək.
Bununla yanaşı, Ağdamın Xındırıstan nümayəndəliyinin ərazisində 1250, Əhmədağalı nümayəndəliyinin ərazisində 1050, Alıbəyli nümayəndəliyinin ərazisində 1100, Dərvənd nümayəndəliyinin ərazisində 1800 ağac əkiləcək.
Birinci müavin qeyd edib ki, həmin gün şam, iydə, akasiya, göyrüş, ərik, alça, gavalı, alma, nar və həmişəyaşıl ağaclar əkiləcək.
A.Əliyev artıq ağacəkməyə hazırlıq üçün ərazilərin hamarlaşdırılıb quyuların qazıldığını söyləyib.
Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.