• 20 Aprel 2024
logo
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

“Azərbaycan Respublikasının qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir.İİV-ə yoluxması təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur”.
Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib. O bildirib ki, ölkədə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb:
“Həmin vaxtdan 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 İİV infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb, onlardan təxminən 70 faizini kişilər təşkil edir.
İİV infeksiyasına yoluxan şəxslər bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var. İİV/QİÇS zamanı müalicə və yardımın əsas komponentini antiretrovirus terapiyası (ART) təşkil edir. Bu zaman xəstələrin müalicəyə sadiqlik göstərməsi çox vacibdir. Düzgün seçilmiş ART İİV-ə yoluxan şəxslərin həyat keyfiyyətini və müddətini artırır, opportunist infeksiyaların qarşısının alınması üçün immunitetin kəmiyyət və keyfiyyətcə bərpasına dəstək olur. Aparılan müalicə virus yükünü maksimal dərəcədə aşağı salaraq infeksiyanın digər insanlara ötürülmə riskini azaldır və xəstəliyin proqressivləşməsini maksimum uzun müddətə ləngidilir.
İİV-li xəstələrin müayinə və müalicəsi bütün mərhələlərdə pulsuz və könüllüdür”.