• 30 Noyabr 2021
logo
Sahil Babayev türkiyəli həmkarı ilə görüşüb

Sahil Babayev türkiyəli həmkarı ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.
Sahil Babayev Azərbaycan və Türkiyənin qardaşlığa, xalqların sarsılmaz birliyinə söykənən əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. O, ikitərəfli əlaqələrin sabit və uzunmüddətli inkişafında Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə və ardıcıl səylərinin xüsusi rolunu vurğulayıb.
Nazir bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərlə başa çatdırdığı, torpaqlarımızı Ermənistanın işğalından azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycana daim siyasi və mənəvi dəstək göstərib: "Qardaşlıq nümunəsi olan bu dəstəyi xalqımız yüksək qiymətləndirir. İki ölkə arasında əlaqələrin əmək, məşğulluq və sosial müdafiə sahəsində də getdikcə genişlənib. Ötən dövrdə 5 əməkdaşlıq sənədi imzalanıb, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair daha 2 əməkdaşlıq sənədi layihəsi müzakirə olunur".
S. Babayev postmüharibə dövründə həyata keçirilən, şəhid ailələri və qazilərlə bağlı artıq 31 mindən çox insanı əhatə edən sosial dəstək tədbirləri qeyd edib. Nazir bu ilin 9 ayında əhaliyə 20 milyon elektron xidmət göstərildiyini, DOST konsepsiyası, sosial sahədə 155 xidmətin vahid pəncərədən təqdim edildiyi DOST Mərkəzləri barədə məlumat verib.
Vedat Bilgin Türkiyə üçün dost və qardaş ölkə olan Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu qeyd edib. Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin, öz torpaqlarını Ermənistanın işğalından azad etməsinin Türkiyə xalqında da sonsuz sevinc və iftixar yaratdığını bildirib.
Türkiyədə aparılan sosial islahatları, əldə olunan sosial uğurları diqqətə çatdıran V.Bilgin rəhbərlik etdiyi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu bildirib.
Qeyd edək ki, görüşdə əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi, Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkili və s. məsələlər müzakirə olunub.