• 29 Sentyabr 2022
logo
Öncə təhsil

Öncə təhsil

Həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləri cəmiyyətin daim elit təbəqəsi hesab olunmuşdur. Müəllim adı tarixən həmişə fədakarlıq, əzm, Vətənə və millətə sevgi, insanpərvərlik anlayışları ilə birgə xatırlanıb. Müəllim olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməzdir. Müəllim əməyi, təmənnasız xidməti ilə müqəddəslik qazanıb. Ona görə də istər qeyri-rəsmi, istərsə də rəsmi çərçivədə hər zaman müəllimə hörmət, ehtiram bəslənilir. Azərbaycanın böyük müəllim ordusu respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərir. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşünə, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərin əvəzsiz xidmətləri var. Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir. Bu uğurlar, dünyaya səs salan azərbaycanlı gənclər isə müəllimlərin əsərləri, müəllimlərin xidmətinin nəticəsidir. Müəllimin uğuru cəmiyyətin, millətin, dövlətin, ümumilikdə Azərbaycanın uğurudur. Bir sözlə, müəllimlərin misilsiz xidmətlərini saymaqla bitirmək olmaz! Necə ki, dünya yaranandan öyrədən var, müəllim var, dünya durduqca da müəllimə ehtiyac həmişə duyulacaq. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin rifahının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayıb.
Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini yaxşılaşdırır, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, birinci xanım Mehriban Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti təhsil işçilərini daha da ruhlandırır. Ölkəmizdə müəllimlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Təhsilimizin və təhsil işçilərinin hamisi, təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri adlandıran dövlət başçısı İlham Əliyev təhsil sahəsindən diqqət və qayğısını əsirgəmir. Bu diqqət və qayğı Yardımlı rayon Təhsil şöbəsində də özünü qabarıq göstərir. Təhsil şöbəsinin müdiri Pedaqogika üzrə Fəlsəfə doktoru, Əməkdar müəllim Manaf Səmədzadə və şöbənin digər əməkdaşları qabaqcıl təcrübənin tətbiqi sahəsində öncül olan pedaqoji kardlara, eləcə də yaradıcı müəllimlərə daim diqqət və qayğı göstərirlər. Təhsildə ənənələrin qorunması prioritetdir. İlin nəticələrini təhlil etdikdə yüksək nəticələrə imza atan məktəb kollektivlərinin müsbət işi təqdir olunur, nümunə göstərilir.
Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı Yardımlı rayon Komitəsinin sədri Azər Əkbərov da öz növbəsində pedaqoji kollektivlərin hər bir üzvündən maddi və mənəvi dəstəyini əsirgəmir. Fərdi şəkildə hər bir kollektiv üzvünün maddi-məişət şəraiti öyrənilir, müəyyən yardımlar edilir. Eləcə də, aztəminatlı və imkansız ailələrdən olan məktəblilərə dərslik və dərs ləvazimatları və geyim əşyaları ilə təminatına köməklik göstərilir. Təbii ki, müsbət münasibət gündəlik işə həssaslıqla yanaşmaya stimul yaradır. Təhsil şöbəsinin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qızlar deyil, oğlanlar da ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə daha böyük maraq göstərirlər.
Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və bəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.
Malik Balaşov, tarixçi-publisist