• 4 Oktyabr 2024
logo
Ölkədə niyə maye qaz problemi yaranıb? - SOCAR-dan açıqlama

Ölkədə niyə maye qaz problemi yaranıb? - SOCAR-dan açıqlama

Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri ilə əlaqədar son bir ayda ölkədə maye qaza tələbatın ödənilməməsi müşahidə edilir. Ötən gün SOCAR zavodda işlərin artıq yekunlaşmaq üzrə olduğunu açıqlayıb.
Bəs görəsən, maye qaza olan tələbat bundan sonra tam təmin ediləcəkmi?
Məsələ ilə bağlı açıqlama verən SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib ki, maye qaz qıtlığı bu il tələbat artdığı üçün qeydə alınıb:
“Neft Emalı Zavodunda təmir işləri əsasən bitib. Biz 4 böyük qurğuda əsaslı təmir işləri aparıb, yekunlaşdırmışıq. İndi zavodda istismarın bərpa olunmasına hazırlaşırıq. Bundan sonra çox güman ki, maye qazın təchizatında vəziyyət yaxşılaşacaq. Bununla yanaşı, zavodun sonrakı illərdə istehsalat gücü də artırılacaq. Lakin tələbat da artdığı üçün maye qazda qıtlıq yaranır. Yəni bu gün müşahidə edilən qıtlığın əsas səbəbi tələbatdır. Bunun üçün yaxşı olar ki, istehlakçılar həm də alternativ məhsullara diqqət etsinlər. O cümlədən, CNG-dən də istifadə etmək olar. Çünki qarşıdakı günlərdə maye qaza olan tələbat daha da artacaq”.
Qeyd edək ki, oktyabrın 4-də Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri başladılmışdı. Bu ərəfədə isə ölkədə maye qazda (məişətdə istifadə olunan qaz balonları və yanacaq) qıtlıq özünü göstərməyə başladı.