• 2 Oktyabr 2022
logo
Niyazi Bayramov Gəncədə tikinti-bərpa işlərinin gedişi ilə tanış olub

Niyazi Bayramov Gəncədə tikinti-bərpa işlərinin gedişi ilə tanış olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə aparılan tikinti və təmir-bərpa işlərinin gedişatı ilə yerində maraqlanıb.
N. Bayramov şəhərin M.A.Abbaszadə və Azərbaycan bayrağı küçələrinin kəsişməsində inşa edilən C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yeni binasında olub. Şəhər rəhbərinə məlumat verilib ki, bina daxilindəki bütün inzibati otaqlarda rəngsaz və santexnik işləri yekunlaşıb. Teatrın tamaşaçı salonunda aparılan dekorasiya və işıq sistemi ilə bağlı işlər tam başa çatdırılıb. Hazırda böyük səhnənin döşəməsinin və texniki avadanlıqların quraşdırılması istiqamətində tədbirlər görülür. Buna paralel olaraq kiçik səhnədə də işlər davam etdirilir.
İcra başçısı daha sonra hazırda inşası davam edən Gəncə İdman Sarayında aparılan işlərlə tanış olub. Niyazi Bayramova məlumat verilib ki, binanın fasadı, dam və digər müxtəlif yerlərində dəmir-beton işləri yekunlaşıb, böyük idman zalı və tribunalarda metal konstruksiyalar quraşdırılıb. Bununla yanaşı binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində hörgü-suvaq, foyesində üzləmə-bəzək, fasadında isə şüşə-vitraj işləri görülüb. Növbəti mərhələdə binanın daxili memarlıq planına uyğun otaqların tikilməsi, digər hissələrdə döşəmə və tavanın vurulması, fasadında böyük ölçülü LED ekranın quraşdırılması və əlavə cari işlər həyata keçiriləcək.
Görülən işlərlə tanış olan şəhər rəhbəri işçi qrupuna öz tövsiyələrini verib. Tikintinin keyfiyyətlə aparılması və vaxtında yekunlaşdırılması əsas tapşırıqlardan olub.