• 27 Oktyabr 2021
logo
Rezidenturaya qəbul imtahanı başa çatıb

Rezidenturaya qəbul imtahanı başa çatıb - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 26-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
DİM-dən bildirilib ki,, imtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
İmtahan saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarətləri normaya uyğun olub.
Sentyabrın 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına sentyabrın 27-29-da “apelyasiya.dim.gov.az” saytı vasitəsilə müraciət edə bilərlər.
***
10:14

Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunur və saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd: Bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötən ilki imtahan nəticəsinə görə, 509 nəfər isə bu ilki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.