• 19 Aprel 2024
logo
“Azərbaycan nümunəvi dini tolerantlıq məkanıdır”

“Azərbaycan nümunəvi dini tolerantlıq məkanıdır”

Fuad Hüseynzadə: “Ölkəmizdə din-dövlət münasibətləri, dini tolerantlıq modeli xaricdə təqdim olunur”

“Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Gündəlik yaşayışda hər zaman azərbaycanlılar tolerant ömür sürüblər. Yəni azərbaycanlılar həmişə digər xalqların nümayəndaləri və din icmaları ilə insan hüquqlarının tələb etdiyi şəkildə həyata keçirblər”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Onun fikrincə, heç kimi deyə bilməz ki, Azərbaycanda hansısa milli azlıq və dini konfessiyalarla bağlı problem olub: “Bu ondan irəli gəlir ki, etnik və dini azlıqların müdafiəsi sahəsində milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda dövlət siyasəti həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının təsbit olunub. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanı imzalanıb. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub. Ölkədə etnik-mədəni müxtəlifliyin qorunması, millətlərarası və dövlətlərarası münasibətlər sivil normalar əsasında tənzimlənir. Eləcə də tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində çoxsaylı tədbirlər görülür.
Tolerantlıq xalqımızın həqiqi milli mənəvi dəyəridir deyə Azərbaycan dövləti hər zaman bu məsələyə diqqət və dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev bu baxımdan bildirib ki, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar: “Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq əminəm ki, başqa yerlərdə də öyrənilə bilər". Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir”.
F.Hüseynzadə bildirib ki, Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edərək tarixən respublikada formalaşmış tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini səciyələndirən gözəl bir ənənəyə çevrildiyini önə çəkir.
Təşkilat rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar: “Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Bunu həmin milli azlıqların nümayəndələrinin dilindən də tez-tez eşidirik.
Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modeli artıq xaricə “ixrac” olunur.
Azərbaycandakı tolerantlıq və dözümlülük münasibətlərinin Avropa arenasında təqdim olunması son dərəcə vacib əhəmiyyət kəsb edir. Diqqət çəkən məqam Azərbaycandakı tolerantlığın qədim dini və milli ənənələrə malik ölkələrin elitası üçün olduqca maraqlı olmasıdır. Bu baxımdan Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq, qarşılıqlı hörmət modelinin digər cəmiyyətlərdə təqdim olunması istiqamətində işlər daha da intensivləşdirilməlidir. Artıq Azərbaycan tolerantlığın Avropada və onun hüdudlarından kənarda təbliğ olunması məqsədilə tolerant və çoxdinli dövlətin qurulması sahəsində öz tarixi nailiyyətlərindən faydalanmağa hazırdır”.
F.Hüseynzadə əlavə edib ki, Azərbaycan Respublikası ən tolerant ölkələrdən biri və dünya üçün bir yerdə yaşamaq nümunəsi sayılır: “Ölkədə bir-birindən 150 metr məsafədə məscid, kilsə və sinaqoqların yerləşməsi müxtəlif dinlərə və inanclara heç bir ayrı-seçkiliyin olunmadığını göstərir. Bir neçə il əvvəl Qubada avropalılar, hətta Avropa Şurasının prezidenti 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini görəndə heyrətlənmişlər.
Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənib və bu gün də fərqlənir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma katolik kilsəsinin keçmiş başçısı, mərhum II İoann Pavelin Azərbaycana tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar”.
Onun sözlərinə görə, Azərbaycan hökuməti tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirir: “Dözümlülük ənənələrini və dinlərarası əməkdaşlığı formalaşdıran bir nümunə olaraq, həm bərpa, həm də yeni ibadət evlərinin tikilməsinə dövlət dəstəyi göstərilir. Məsələn, 2011-ci ildə Bakıdakı “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülərək bərpa edilib. Həmçinin Katolik kilsəsinin inşası, Rus Pravoslav Katedralının, Müqəddəs Məryəm katolik kilsəsinin, Kiş məbədinin və Qafqaz Albaniyasının bütün mədəni-tarixi irsinin bərpası da məhz dövlət tərəfindən həyata keçirilib. Dözümlülük ənənələri sağlam və güclü münasibət qurmaq üçün həssaslığa yanaşma kimi fundamental dəyərlərə əsaslanır”.
F.Hüseynzadə qeyd edib ki, ölkəmizdə dini inanclarını, adət-ənənələrini maneəsiz şəkildə yaşayan azlıqlardan biri də yəhudiləridir: “Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, Quba və Oğuz şəhərlərində məskunlaşıblar. Yəhudilər Azərbaycanda 3 icma ilə - Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Aşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar. Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Gennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir. Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir.
Azərbaycanda yəhudi irsinin qorunması məqsədilə bir sıra müştərək təşkilatlar yaradılıb: Azərbaycan-İsrail Dostluq Mərkəzi, "Soxhnut" yəhudi agentliyi, yəhudi adət-ənənələrinin qorunması komitələri - "Birgə" və "Vaad-L-Xetzola", dini məktəblər, Yəhudi Mədəniyyət Mərkəzi, ölkədə fəaliyyət göstərən "Eva" qadın cəmiyyəti, "Hesed-Kershon" xeyriyyə cəmiyyəti, "Alef" gənclər klubu, "Hillel" Tələbə Təşkilatı, bir sıra yeni qəzetlər var. Yəhudi icmalarının köməyilə bir çox mədəni tədbirlər keçirilir, yəhudi ədəbiyyatı nəşr olunur. 2010-cu ildə Heydər Əliyev Fondunun "Azərbaycan - dözümlülüyün ünvanı" layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün Khabad-Or-Avner təhsil mərkəzi tikilib. 450 şagirdlik mərkəz yəhudi mədəniyyətinin əsaslarını tədris edir. Bu gün Azərbaycanın paytaxtında, eləcə də Quba və Oğuz şəhərlərində bir neçə sinaqoq fəaliyyət göstərir. 2003-cü ildə Bakıda açılmış sinaqoq Avropada ən böyük sinaqoqdur.
Yəhudi irsinin qorunmasının digər bir bariz nümunəsi Azərbaycanın Quba şəhərinin yaxınlığında yerləşən, yeddi sinaqoqu olan Qırmızı Qəsəbə adlanan yaşayış məskənidir. Qırmızı Qəsəbə Azərbaycanda və ondan kənarda dağ yəhudilərinin maddi və mənəvi mədəniyyətinin inkişafı və qorunması mərkəzi kimi tanınıb. Bu qəsəbənin "Qafqazın Qüdsü" adlandırılması təsadüfi deyil. Yəhudilik ənənələrinin qorunması və inkişafı yəhudi icmasının həyatı ilə ayrılmaz dərəcədə əlaqəlidir. Hazırda fəaliyyət göstərən altı qübbəli sinaqoq Tövratın səhifələrini oxumaq üçün geniş təlimata (təxminən 70) malikdir. Qırmızı Qəsəbədəki yəhudi icmasının qorunması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının öhdəlikləri Konstitusiyada və parlamentin qəbul etdiyi qanunlarda əksini tapıb”.
F.Hüseynzadə qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar: “Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib.
Məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində Azərbaycanda, eləcə də həm digər müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra tədbirlər təşkil edilib.
Azərbaycanda dinlərarası tolerantlığın çox güclü təməl dayaqları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Tarixən bir çox millətlərin nümayəndələri Azərbaycan ərazisində yaşayıblar. Həmçinin erməni xalqının nümayəndələri də bu ərazilərə gəldikdən sonra Azərbaycan xalqı ilə birgə yaşayıblar. Xalqların bir-birilərini daha da yaxından tanıması və əlaqələrin möhkəmlənməsində mədəniyyət sahəsində layihələrin keçirilməsi önəmlidir”.

Əli