• 17 Aprel 2024
logo
Nazir müavini: “Transsərhəd çaylarla bağlı Ermənistanı danışıqlar masası arxasında oturmaq üçün bütün imkanlardan istifadə edilir”

Nazir müavini: “Transsərhəd çaylarla bağlı Ermənistanı danışıqlar masası arxasında oturmaq üçün bütün imkanlardan istifadə edilir”

“Hazırda da Ermənistan tərəfindən Oxçuçay, Bərgüşad və Araz kimi transsərhəd çaylarının çirkləndirilməsi davam edir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, transsərhəd çayların çirkləndirilməsinin qarşısının alınması üçün əməkdaşlıq edilən ölkələrlə müzakirələrin başlanılması vacibdir: “Həmin çayların çirkləndirilməsi tək Azərbaycan üçün ekoloji fəsadlar yaratmır. Eyni zamanda, Ermənistanda həmin çayların hövzələrində yaşayan əhali üçün də böyük problemlər yaradır. Həmin çaylar aşağı axarlarda Araz çayına, Arazdan Kürə, Kürdən isə Xəzər dənizinə axır. Bunun həm Ermənistana, həm də Xəzər hövzəsi ölkələrinə çox böyük mənfi təsirləri var”.
Nazir müavini qeyd edib ki, Azərbaycan ekologiya sahəsində demək olar, ekologiya sahəsində bütün beynəlxalq təşkilatların üzvüdür, konvensiyalara qoşulub: “Təəssüf ki, qonşu, işğalçı Ermənistan bu konvensiyaların əksəriyyətini ratifikasiya etməyib. Səbəb də həmin konvensiyalardakı öhdəliklərlə bağlıdır. Konvensiyalara qoşulduqda həmin öhdəlikləri mütləq yerinə yetirməlisən. Bu da bizim işimizi çətinləşdirir. Amma biz fəaliyyətimizi dayandırmırıq. Həm işğal dövründə, həm də işğaldan sonrakı 1 il müddətində dünyadakı bütün ekoloji təşkilatlara müraciətlər etmişik, müraciətlər edirik. Burada da əlbəttə, ikili standartlar var. 30 il ərzində həmin beynəlxalq ekoloji təşkilatlar tərəfindən əksər hallarda Ermənistanın əməllərinə heç bir münasibət, qınama bildirilmirdi. Amma son dövrlər biz ən azı həmin beynəlxalq təşkilatların ekspertlərinin apardığımız monitorinq işlərində iştirakını təmin edirik. Onlar hər şeyi öz gözləri ilə görürlər. İnanıram ki, növbəti illərdə biz bu vəziyyəti dəyişəcəyik, həmin beynəlxalq təşkilatların, konvensiyaların köməyi ilə Ermənistana təsir edə biləcəyik”.
V. Kərimov bildirib ki, ilk növbədə çayların çirkləndirilməsinin qarşısı alınmalıdır: “Əhalinin böyük qayıdışından danışırıqsa, həmin çaylar ətraf mühitə zərər vurmayacaq dərəcədə təmiz olmalıdır. Bu çayların təmizlənməsi üçün də yuxarı axarlarda, Ermənistanda filiz saflaşdırma və mədən sənayesində istehsalçılar öz istehsal sularını təmizləməli, şəhərlər də çaylara axıdılan məişət-tullantı sularını ya çaylara axıtmamalı, ya da təmizləyib çaya axıtmalıdırlar. Transsərhəd çaylarla bağlı Ermənistanı danışıqlar masası arxasında oturda bilmək üçün bütün imkanlardan, resurslardan istifadə edilir”.