• 29 Mart 2024
logo
“Türkiyədə Covid-19 infeksiyasından müalicə olunan Azərbaycan vətəndaşları Səhiyyə Naziriliyinə müraciət etsin”

“Türkiyədə Covid-19 infeksiyasından müalicə olunan Azərbaycan vətəndaşları Səhiyyə Naziriliyinə müraciət etsin”

Elvin Hacıyev: “Əlimizdə əsas olmalıdır ki, onlar ya koronavirusdan müalicə olunub, ya da ki vaksin edilib”

Türkiyədə Covid-19 infeksiyasından müalicə olunaraq vətənə dönən Azərbaycan vətəndaşlarının müalicə olunmaları ilə bağlı təqdim etdikləri sənəd Nazirlər Kabinetinin qərarına görə ölkədə qəbul olunmur. Bu da həmin vətəndaşların fəaliyyətində problemlərə yol açır. Onların Covid pasportu əldə etməsi üçün isə ən azı 5 ay zaman tələb olunur. Bu problemin yaxın perspektivdə həlli gözlənilirmi? Nazirlər Kabineti bu barədə nə düşünr və bu problemlə qarşılaşan vətəndaşlarımız nə etməlidirlər?
Bu məsələyə aydınlıq gətirmək üçün müvafiq qurumlarla əlaqə saxladıq.
TƏBİB-in mətbuat xidmətinin əməkdaşı Elnarə Baxşıyeva bildirdi ki, Nazirlər Kabineti bu barədə qərar verməyib: “Oan görə də açığı, bu məsələ ilə bağlı problem var. Bu, Nazirlər Kabinetinin qərarından irəli gələn bir məsələdir. TƏBİB-in işi yalnız xəstəxanalarda müalicəni həyata keçirməkdir. TƏBİB hansısa qərarları verən bir qurum deyil. Türkiyədə xəstələnib, yaxud xəstəlikdən müalicə olunub bura gələnlərlə, eyni zamanda xaricdə bir doza peyvənd olunub Azərbaycanda ikinci doza peyvənd vurulması məsələsi ilə bağlı qaydalar hələ ki Nazirlər Kabineti tərəfindən qəbul olunmayıb. Xaricdən gələn vətəndaşın əgər oturum icazəsi yoxdursa, o belə peyvəndlənə bilməz”.
Nazirlər Kabinetinin mətbuat xidmətindən isə Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağımız tövsiyə olundu.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə bildirdi ki, TƏBİB-dən fərqli olaraq nazirlik Türkiyədə müalicə olunb vətənə qayıdan Azərbaycan vətəndaşlarını qəbul edir və xidmət göstərir: “Sadəcə onlar Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət etməlidirlər. Sənədləri qəbul edilməyən vətəndaşlar nazirliyə müraciət etsinlər. Nə zaman gəlsələr qəbul olunacaqlar. Həmin vətəndaşlar xarici ölkələrdə aldıqları sənədləri Səhiyyə Nazirliyinə təqdim etməlidirlər. Bizim də əlimizdə əsas olmalıdır ki, onlar ya koronavirusdan müalicə olunub, ya da ki vaksin edilib”.

Əli Zülfüqaroğlu