Vaqif Qarayev: “Optimal yol tapmaq lazımdır”
Artıq dərs ilinin başlamasına az qalıb. Valideynlər isə son günlər koronavirusa yoluxma sayının artmasına və uşaqlar arasında da yoluxmalara rast gəlinməsinə görə, narahatlıq hissi keçirirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çağırışlarına Birləşmiş Millətlər Təşkilatı (BMT) da qoşulub və və dünyada hazırki durum gərgin olaraq qiymətləndirilir. Amma digər tərəfdən BMT təhslin ənənəvi qaydada aparılmasının vacibliyini qeyd edir ki, bu da məntiqə uyğun deyil.
Belə olan halda uşaqları necə qorumalıyıq, optimal variantlar nədən ibarətdir?
Tanınmış həkim-pediatr Vaqif Qarayev Bunu xalqcəbhəsi.az-a açıqlamasında deyib ki, dünyanın ən etibarlı mənbələrinə görə, “Delta” ştammı daha yoluxdurucudur və uşaqları da yoluxdurur. Həkim diqqətə çatdırıb ki, ötən il uşaqlar arasıdna koronavirusa çox rast gəlinmirdi: “Amma “Delta” ştammı yayılandan sonra uşaqlar arasında da yoluxmaya rast gəlinir. Yaş fərqi yoxdur. “Delta” ştammı koronavirusun klassik əlamətlərindən-yəni qızdırma, halsızlıq, öskürəkdən başqa mədə bağırsaq sistemini də zədələyir. Uşaqlarda ishal, qusma əlamətləri də müşahidə olunur. Amma çox şükür ki, Azərbaycanda hələ uşaqlar arasında ölüm yoxdur. Mən, belə bir məlumata rast gəlməmişəm. Ümumdünya Səhiyyə Təşkilatı hər gün bütün dünyada yoluxmanın artması ilə bağlı qorxulu proqnozlar verir. 2-3 gün bundan qabaq Birləşmiş Millətlər Təşkilatı da bu yöndə açıqlamalar verdi. Amma BMT bəyan etdi ki, yoluxma artsa da bütün dünyada məktəblər açılmalıdır. Bu bir az məntiqə uyğun gəlmir. Həm deyirlər ki, yoluxma artır və uşaqlar arasında da müşahidə olunur, amma eyni zamanda bildirirlər ki, məktəbləri açın. Bu məni həkim və valideyn kimi narahat edir. Çünki düşünürəm ki, məktəblər açılandan sonra yoluxma artacaq. Desəm ki, məktəbləri bağlayın, hamı etiraz edəcək ki, niyə? Demirəm bağlayın, amma yoluxmanın artmaması ilə bağlı optimal yol tapmaq lazımdır. Söhbət gəzir ki, 12 yaşından yuxarı uşaqları peyvənd edəcəklər. Bildiyim qədər Türkiyədə belə qərar verilib, Avropanın bəzi ölkələrində də var. 2-3 ay öncə isə xəbər dolaşırdı ki, uşaqlar üçün xüsusi vaksin hazırlanacaq. Amma hələ hazırlanmayıb. Bu qərar yoluxmanın qarşısını almaq üçün verilib. Yuxarı sinif şagirdləri daha çox ünsiyyətdə və müxtəlif yerlərdə olur. Bizdə bu qərarın olub-olmayacağını indidən demək olmaz. Amma bizdə də dünya təcrübəsinə əsasən qərarlar verilir. Uşaqların peyvənd olunmasına valideynlər çox pis yanaşırlar. Əslində mən də istəməzdim ki, sınaqdan çıxmamış, hazırda istifadə olunan vaksinləri kütləvi şəkildə uşaqlara vuraq. Mən həkim olaraq bunu istəmirəm. Amma uşaqlar üçün xüsusi olaraq hansısa peyvənd hazırlanacaqsa onda Azərbaycanda da uşaqları peyvəndləmək lazım gələcək”.
“Yoluxma hallarının qarşısını almaq olar”
Səhiyyə Nazirliyinin ictimai səhiyyə və İslahatlar mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova dedi ki, ümumiyyətlə, Covid-19-un uşaqlarda da xəstəlik törətməsi artıq məlumdur: “Lakin, xəstəliyin ağırlıq dərəcəsi və gedişatı araşdırılarkən müxtəlif yaş qrupları arasında fərqli nəticələr müşahidə olunub”. Onun sözlərinə görə, ən yüngül-asimptomatik haldan başlayaraq daha ağır halların olması ilə bağlı məlumatlar var: “Hal-hazırda “Delta” ştammı yoluxma halları arasında dünyada daha çox üstünlük təşkil edir. Bunun yoluxuculuğunun əvvəlki variantlara nəzərən daha çox olmasına əsasən, yenə də diqqət etməli olduğumuz məqamlar var. Əllərin gigiyenasına mütləq şəkildə riayət etmək, maskalardan istifadə, qapalı məkanların havalandırılması, sinif otaqlarında mütəmadi olaraq dezinfeksiya aparılması və s. profilaktik tədbirlərdən istifadə edilməklə yoluxma hallarının qarşısını almaq olar”.
“Delta” ştammını ağır şəkildə keçirən uşaqlar var”
Həkim-infeksionist Nigar Əliyeva isə diqqətə çatdırıb ki, “Delta” ştammı uşaqlar arasında da yayılmaqdadır: “Təəssüflə qeyd etməliyik ki, hal-hazırda bu ştammı nəinki orta-ağır, hətta ağır şəkildə keçirən uşaqlar var”. Onun sözlərinə görə, bu səbəbdən yeni tədris ilinin açılması ilə əlaqədər valideynləri daha diqqətli olmalıdırlar: “Valideynlər uşaqlarda maskadan istifadə, sosial məsafəni qoruma vərdişləri yaratsınlar. Hər hansı kliniki əlamət hiss etdikdə, dərhal həkimə müraciət etsinlər. Çünki hələ ki, bizim ölkədə uşaqların vaksinasiya prosesinə başlanılmayıb”.
Əli Zülfüqaroğlu