• 6 İyul 2025
logo
“Məktəblərdə yoluxmanın artmaması ilə bağlı optimal yol tapmaq lazımdır”

“Məktəblərdə yoluxmanın artmaması ilə bağlı optimal yol tapmaq lazımdır” - Vaqif Qarayev

“Dünyanın ən etibarlı mənbələri xəbər verirdi ki, “Delta” ştammı daha yoluxdurucudur və uşaqları da yoluxdurur”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında tanınmış həkim-pediatr Vaqif Qarayev deyib. Həkim diqqətə çatdırıb ki, ötən il uşaqlar arasıdna koronavirusa çox rast gəlinmirdi: “Amma “Delta” ştammı yayılandan sonra uşaqlar arasında da yoluxmaya rast gəlinir. Yaş fərqi yoxdur. “Delta” ştammı koronavirusun klassik əlamətlərindən-yəni qızdırma, halsızlıq, öskürəkdən başqa mədə bağırsaq sistemini də zədələyir. Uşaqlarda ishal, qusma əlamətləri də müşahidə olunur. Amma çox şükür ki, Azərbaycanda hələ uşaqlar arasında ölüm yoxdur. Mən, belə bir məlumata rast gəlməmişəm. Ümumdünya Səhiyyə Təşkilatı hər gün bütün dünyada yoluxmanın artması ilə bağlı qorxulu proqnozlar verir. 2-3 gün bundan qabaq Birləşmiş Millətlər Təşkilatı da bu yöndə açıqlamalar verdi. Amma BMT bəyan etdi ki, yoluxma artsa da bütün dünyada məktəblər açılmalıdır. Bu bir az məntiqə uyğun gəlmir. Həm deyirlər ki, yoluxma artır və uşaqlar arasında da müşahidə olunur, amma eyni zamanda bildirirlər ki, məktəbləri açın. Bu məni həkim və valideyn kimi narahat edir. Çünki düşünürəm ki, məktəblər açılandan sonra yoluxma artacaq. Desəm ki, məktəbləri bağlayın, hamı etiraz edəcək ki, niyə? Demirəm bağlayın, amma yoluxmanın artmaması ilə bağlı optimal yol tapmaq lazımdır. Söhbət gəzir ki, 12 yaşından yuxarı uşaqları peyvənd edəcəklər. Bildiyim qədər Türkiyədə belə qərar verilib, Avropanın bəzi ölkələrində də var. 2-3 ay öncə isə xəbər dolaşırdı ki, uşaqlar üçün xüsusi vaksin hazırlanacaq. Amma hələ hazırlanmayıb. Bu qərarı yoluxmanın qarşısını almaq üçün verilib. Böyük yaşlı uşaqlar daha çox ünsiyyətdə və müxtəlif yerlərdə olur. Bizdə bu qərarın olub-olmayacağını indidən demək olmaz. Amma bizdə də dünya təcrübəsinə əsasən qərarlar verilir. Uşaqların peyvənd olunmasına valideynlər çox pis yanaşırlar. Əslində mən də istəməzdim ki, sınaqdan çıxmamış, hazırda istifadə olunan vaksinləri kütləvi şəkildə uşaqlara vuraq. Mən həkim olaraq bunu istəmirəm. Amma uşaqlar üçün xüsusi olaraq hansısa peyvənd hazırlanacaqsa onda Azərbaycanda da uşaqları peyvəndləmək lazım gələcək”.

Əli Zülfüqaroğlu