• 19 Yanvar 2022
logo
Alim: “Repressiya vaxtı Azərbaycan qadınlarının çoxuna ən yuxarı həbs cəzası - səkkiz il iş verilirdi”

Alim: “Repressiya vaxtı Azərbaycan qadınlarının çoxuna ən yuxarı həbs cəzası - səkkiz il iş verilirdi” - MÜSAHİBƏ

Azərbaycanda repressiyaya məruz qalmış qadınların tədqiqatçısı, tarix elmləri doktoru Lətifə Əliyevanın APA-ya müsahibəsi
- Azərbaycanda 30-cu illərdə repressiyaya məruz qalmış qadınlarının təxmini sayı bəllidirmi?
- Onların sayı 100-dən çoxdur. Təkcə Qazaxıstandakı “Aljir” düşərgəsindən 42 nəfərin adını götürmüşəm. “Karlaq” düşərgəsindən 30-dan çox, “KQB” arxivindən 72 qadının adını əldə etmişəm.
- Azərbaycandakı repressiyalar Mircəfər Bağırovun adı ilə bağlıdır. Siz necə düşünürsünüz, bu belədirmi?
- Repressiya dövrü haqqında heç nə bilməyən, o dövrə aid tarixi sənədləri görməyən adamlar deyir ki, repressiyaların təşkilatçısı Mircəfər Bağırov idi. Ancaq onlar unudur ki, o vaxt Azərbaycan SSRİ-nin daxilində bir respublika idi, repressiya isə ümumi SSRİ-də gedən bir prosesiydi. Azərbaycan da məcbur şəkildə bu prosesdə iştirak edirdi. Sizə Stalinin Bağırova yazdığı bir məktub haqqında danışım. Bu məktub adamın gözünü açır. Stalin məktubda yazır: “Niyə bütün SSRİ-də xalq düşmənlərini tapıb üzə çıxarıblar, ancaq Azərbaycanda bu proses çox ləng gedir? Məgər Azərbaycanda xalq düşməni yoxdur? Bəlkə siz onları üzə çıxarmaq istəmirsiniz? Hər həftə siz Moskvaya siyahı göndərməlisiniz. O siyahıda həftə ərzində neçə adamın tutulduğu, neçə adamın dindirildiyi, neçə adamın güllələndiyini yazılmalıdır”.
Yalnız bu məktubdan sonra Bağırov sözügedən proseslərə qoşulmağa məcbur olur. Halbuki o istəyirdi ki, bacardığı qədər Azərbaycanı bu proseslərdən uzaq saxlasın. Bağırov Azərbaycan xalqı üçün böyük işlər görüb.
- Onda niyə Bağırov bu gün mənfi insan kimi təqdim olunur?
- Savadsız jurnalistlərin və işini bilməyən alimlərin sayəsində. O adamların sayəsində ki, bir dəfə də olsun, bir arxiv sənədini görməyiblər, ordan-burdan eşitdiklərinə əsasən, bu mövzularda material yazırlar. Arxiv sənədlərini tanımayanlardır bu gün onu düşmən elan edənlər. Mən bir tarixçi kimi Bağırova mənfi insan deyə bilmərəm.
- Bəs, Ayna Sultanovaya necə?
- Ayna Sultanova inqilabçı qadın idi. Mən hesab edirəm ki, onun xidmətlərini də yerə vurmaq olmaz.
- Bəs, onun bioqrafiyasında yazılan “mart soyqırımı dövründə belə bolşeviklərin mövqeyini dəstəkləyib” cümləsini hara yazaq?
- Bu məsələ müəmmalıdır, bu, birincisi. İkincisi, tarixdə hər şey göründüyü kimi deyil. Nərimanov da o dövrlərdə bolşeviklər tərəfdə idi. Bu məsələnin danışılan və görünən tərəfidir. Ancaq heç kim danışmır ki, soyqırımı vaxtı Nərimanov Şaumyanın yanına gələrək onu döyüb.
Heç kim demir ki, Nərimanov soyqırımı vaxtı Alyoşa Caparizdeyə deyib ki, ordunu yığışdır, mənim xalqıma üzərinə ordu yeritmək lazım deyil. O vaxt ordu Caparidzenin əlində idi. Demirlər ki, Nərimanov ruslarla birgə gəlməyib. Ruslar gələndən iki-üç aydan sonra onu məcbur göndəriblər. O da ona görə gəlib ki, Azərbaycan xalqına kömək eləsin. Çünki burdan ona yazırdılar ki, Qızıl Ordu müsadirə adı ilə evlərdə nə varsa, yığışdırır, qadınların qulağından sırğalarını dartıb çıxarır. O dövrdə varlı ailələrin xanımları bellərinə qızıldan, gümüşdən kəmər taxırdı. O kəməri belə əsgərlər qadının belindən dartıb çıxarırdılar. Hətta belə bir hadisə də olmuşdu ki, əsgərlər kəməri qadının belindən dartanda əri buna etiraz etmiş, ərini yerindəcə güllələmişdilər. Nərimanov Bakıya gələndə ağsaqqallar onu Biləcəridə qarşılayıb xalqa edilən zülmlərdən danışmışdılar. O, xalqına kömək etmək üçün ordaydı. Bunlar necə unutmaq olar? Nərimanov Üzeyir bəyi necə gizlədib, kimlər ona görə sağ qalıb, bunlardan danışan yoxdur. O, nə qədər Azərbaycan ziyalısını qoruyub. Mən bunu bir məqaləmdə də yazmışam. Azərbaycanda apreldən avqusta kimi 46 min adam öldürülüb. Əgər Nərimanov olmasaydı, bu rəqəm 460 min, bəlkə də 500 min olacaqdı. Mən bu rəqəmləri özümdən demirəm, sənədlərə əsasən deyirəm.
Nərimanovun bu xalq qarşısında çox böyük xidmətləri var. Adam faktiki iş aparıb axı, o vaxt Bakı Xalq Komissarları Sovetinin üzvü olduğu üçün bunları unudaqmı? Nərimanovu faktiki olaraq öldürüblər. Rusların bir sözü var “umerşvili”, yəni kimsə gəlib birbaşa kimisə öldürmür, ancaq elə edir ki, ölsün. Mən bunu tam məxfi sənədlərdə oxumuşam. O sənədlərdə ki, orada tibbi bacısı da, həkim də danışır. Orda yazılır ki, onun ürəktutması olub, həkimlər gəlib, ona damarları genişləndirən dərman əvəzinə damarları yığan dərman vurublar. Və elə orda da əllərinin altında ölüb. Bunları ona görə danışıram ki, Nərimanov kimi, Ayna Sultanova haqqında da hər şey göründüyü kimi olmaya bilər. Demirəm ki, Ayna Sultanovanın heç bir səhvi olmayıb, ancaq istənilən halda mövzuya birtərəfli yanaşmaq olmaz.
- Ayna Sultanovanın güllələnməsində əri Həmid Sultanovun fəaliyyətinin də rolu var idimi?
- Bunun təsiri vardı, ancaq əsas səbəb öz fəaliyyəti idi. Ümumiyyətlə, güllələn qadınlar öz fəaliyyətlərinə görə güllələyirdilər. Sürgünə, həbsxanaya göndərilənləri isə həyat yoldaşlarının fəaliyyətinə görə göndərirdilər.
- Şükriyyə xanım kimi…
- Bəli, Şükriyyə xanım həyat yoldaşı Əhməd Cavada görə sürgün edilmişdi. Mən Şükriyyə xanımla çox maraqlanmışam. Deməli, Qazaxıstanda “Aljir” adlı bir həbs düşərgəsi var idi. Xalq düşmənlərinin həyat yoldaşları orda saxlanılırdı. Mən o düşərgədə olanda azərbaycanlı qadınların siyahısını tapmışdım. O siyahıda Şükriyyə xanımın da adı var idi. Orda mənə Şükriyyə xanım haqqında xeyli danışıblar. Mən bunu deməliyəm. Orda qadınların başına çox iş gəlirdi. Xüsusilə də gözəl qadınların. Gözəl qadınları zorlayırdılar. Şükriyyə də çox gözəl qadın olub. Özü də acar knyazı Süleyman bəyin qızı idi. Gündüz o çətin, ağır işlərdə işləyirdi. İşi bitəndən sonra dincəlmək əvəzinə gəlib tualetdə sidiyin içinə uzanırmış. Sonra hamının içinə gəlirmiş, hamı da ondan iyrənib yaxın durmurmuş. O, namusunu belə qoruyub. Bunları eləməsəydi, Allah bilir, başına nələr gələrdi.
Orda onlar ağır şəraitdə yaşayıblar, nələr çəkiblər... Təsəvvür edin ki, bir böyük otaqda 200 nəfər yaşayırmış. Mən onların yaşadıqları yerlərin şəkillərini çəkmişəm və şəkilləri kitabıma daxil edəcəm.
- Bakıda bir-birini görməyə gözü olmayan bəy qızı Şükriyyə ilə bolşevik Ceyran Bayramovanın düşərgədə işgəncələrdə bir-birinə dəstək durduğunu deyirlər. Ceyran xanımla şəxsən tanış olmusunuz. Şükriyyə ilə olan münasibətlərindən danışıbmı sizə?
- Yox, ümumiyyətlə, Ceyran xanımın Şükriyyə xanımın haqqında pis nəsə dediyini xatırlamıram.
- Ceyran Bayramova “vətən xaini”nin həyat yoldaşı kimi (Həyat yoldaşı Oruc Bayramov 1937-ci il 31 iyulda güllələnməyə məhkum olunub-red.) sürgünə göndərilmişdi. Ancaq o özü də ictimai həyatda aktiv idi. Hətta Klara Setkinin onun açdığı qadınlar klubuna gəlməsi faktı var. Bu barədə danışa bilərsinizmi?
- O klubun açıldığı bina Murtuza Muxtarovun evi olub. Klubun fəaliyyətində Ceyran Bayramova mühüm rolu oynayıb. Klara Setkin bu klub haqqında eşidəndə, ona çox maraqlı gəlib. Ümumiyyətlə, onun üçün Şərq qadınları çox maraqlı idi. O dövrdə qərbdə mühüm işlər aparan qadınlar vardı. Onlar şərq qadınını çarşabda, savadsız kimi təsəvvür edirdilər. Klara bu klub haqqında eşitmişdi ki, burda böyük işlər aparırlar, başqa qadınları da bura cəlb edirlər, ancaq gəlib öz gözləri ilə görmək istəyirdi. Gəlib gördü də. Onun bu klub haqqında çıxışları da var. Klub Əli Bayramovun adını daşıyırdı.
- Ceyran Bayramova həqiqətən AXC parlamentində işlədiyi dövrdə bolşeviklərə casusluq edibmi?
- Özü deyirdi ki, elə bir şey olmayıb.
- Bəs, sizcə ola bilərdimi?
- Mən bu haqda heç nə deyə bilmərəm.
- Ümmügülsüm Sadıqzadə...
- Ümmügülsüm xanım Novxanıda anadan olub. Onu da həyat yoldaşı Seyid Hüseynə görə tutmuşdular. Ümmügülsümü də çox incidiblər ki, həyat yoldaşının əleyhinə nəsə desin, ancaq o heç nə deməyib. Onun şəkli məndə var, şəklinə baxanda bilinir ki, o nə əzablar çəkib. Rəsulzadənin əmisi qızı olmağının da bu əzabları görməsində rolu var idi.
- Güllələnən qadınlardan daha kim haqqında danışa bilərsiniz?
- Mədinə Qiyasbəyli. 1937-ci ildə güllələnib. Bu qadın Qazaxda anadan olub və təhsil sahəsində işləyib. Əvvəlcə Tağıyevin qız məktəbində oxuyub, sonra Tiflisdə təhsilini davam etdirib. Mədinə xanım çox savadlı qadın olub. 1906-cı ildə doğma Salahlı kəndində ilk qız məktəbi açıb. Özü də necə çətinliklərdən keçərək açıb bu məktəbi. Təsəvvür edin ki, Tağıyev kimi bir adam qız məktəbi açarkən nə çətinliklərdən keçmişdi.
- Konkret hansı çətinlikləri nəzərdə tutursunuz?
- Bu məsələ ilə bağlı Tağıyevin Rusiyaya yazılmış nə qədər məktubu var. Bu məktublardan bir şey çıxmayacağını görən Tağıyev öyrənir ki, Nikolay xanımı Aleksandraya çox bağlıdır. Bunu nəzərə alan Tağıyev Aleksandranın doğum günündə ona hədiyyələr alıb aparır, onu təbrik edəndə deyir ki, həyat yoldaşınıza deyin, sizin adınıza qız məktəbi açaq. Bizim də qızlar oxusun. Aleksandra bu məsələni Nikolaya çatdırandan sonra məktəbi açmağa icazə veriblər.
Tağıyev burada insanları bir yerə yığıb məktəb söhbətinə belə başlayıb ki, bəs, niyə bizim milyonerlərin, görkəmli kişilərin çoxunun arvadı digər millətlərdəndir? Niyə azərbaycanlı qızlar evdə qaldığı halda, bizim görkəmli kişilər digər millətlərin qadınları ilə evlənir? Onda ona cavab veriblər ki, bizim qızlar savadsızdırlar, maraqsızdırlar, dörd divar arasında çarşabda oturublar.
Murtuza Muxtarovun birinci xanımı da o cür savadsız bir qadın olub. Muxtarov onun üstünə osetin qızı - Liza Muxtarovanı alıb. Heç olmasa o, müsəlman qız alıb. Çoxu heç bizə aidiyyəti olmayan millətlərin nümayəndələri ilə evlənib. Tağıyev də deyib ki, bu xalq üçün, xalqın genofondu üçün çox ciddi problemdir. Tək təhsil üçün etməyib bunu.
- Ötən əsrin əvvəllərində qadınların savadsızlığını əsas gətirərək deyirlər ki, “öz taleyini, kiminlə evlənəcəyini belə seçmək hüququ olmayan qadına AXC-nin seçki hüququ verməsini yanlış addım idi”. Bu fikirlərə münasibətiniz necədir?
- Bu fikri səsləndirən adamlara məsləhət görərdim ki, gedib o dövrün qəzetlərinə baxsınlar. Baxsalar görərlər ki, həmin vaxt qadınlar nə deyirmiş? Deməli, seçkiyə gələn qadınlardan kimə səs verəcəklərini soruşanda qadınlar cavab verib ki, biz öz millətimizin nümayəndələrinə səs verməyə gəlmişik. Biz nə sosial-demokrat bilirik, nə bolşevik. Biz bircə onu bilirik ki, öz xalqımızın nümayəndələrinə səs verməliyik. Bunlar o dövrün qəzetlərində yazılıb.
Qadınlara səsvermə hüququ verəndə, onlar heç özləri də gözləmirdi ki, qadınlar seçki prosesində belə aktiv iştirak edəcəklər. Qəzetlərdə o da yazılır ki, səsverməyə səhər tezdən birincisi qadınlar gəlmişdi. Bir də qadınlar kişilərlə birgə səs vermirdilər. Onlar üçün səsvermə qutuları məscidlərin qarşısında qoyulmuşdu. Bu da çox maraqlı məqamdır.
- Qayıdaq repressiya qadınlarına...
- Gülarə Köylüqızı var idi, jurnalist və yazıçı olub. Dövrünün jurnal və qəzetlərində maraqlı məqalələri var. Onun ən mühüm fəaliyyəti isə “Şərq qadını” qəzetində olub. Orda baş redaktor işləyib. İlk azərbaycanlı jurnalistlərdən biri idi. Repressiya qurbanı oldu.
Xədicə Qayıbova Tiflisdə ziyalı ailəsində anadan olmuşdu. İlk musiqi təhsili alan Azərbaycan qadınlarındandır. Mədəniyyət sahəsində mühüm işlər görüb. Həyat yoldaşı da Xalq Cümhuriyyəti dövründə vəzifədə olub.
Zivər Əfəndiyeva Sultanməcid Əfəndiyevin həyat yoldaşı. O da çox əziyyətlər çəkib, ancaq bütün işgəncələrə rəğmən heç nə deməyib.
- Repressiya qadınlarının övladlarının aqibəti necə olurdu?
- Uşaqları xüsusi uşaq lagerlərində saxlayırdılar. Onlar kiçik məhbuslar hesab olunurdu. Ayna Sultanovanın qızını tanıyırdım. O danışırdı ki, biz bacı-qardaş lagerdə böyümüşük. Ordan çıxan uşaqlara sonralar institut oxumağa belə icazə vermirdilər. Neçə illərdən sonra bunlara ali təhsil almağa icazə veriblər.
- Həmin qadınlar içərisində sonradan ailə quranlar var idimi?
- Çoxu ailə qurmayıb sonradan. Hamısının taleyi pozulub. Eləsi var idi, sürgündən qayıdandan sonra heç Bakıda yaşamağa icazə verməyiblər. Qonşuları, qohumları heç kim onlara salam belə vermirdi. Həmid Sultanovun qardaşı qızı mənə danışırdı ki, bizim ailəmizə heç kim yaxın düşmürdü, heç kim bizimlə danışmaq istəmirdi.
- Yazırlar ki, Mircəfər Bağırovun Dilbərdə gözü var idi, ona görə Mikayıl Müşfiqi aradan götürüb. Sizcə, bu şayiə idi, yoxsa həqiqət payı var?
- Mən buna inanmıram. Bağırovla işləyən Həsən Həsənovla mən on il bir otaqda işləmişəm. O, Bağırov haqqında mənə çox şey danışıb, onun haqqında belə şayiələri eşidəndə həmişə deyirdi ki, bunlar hamısı böhtandır. İnsanlar güclü, çalışqan adam görəndə həmişə belə şayiələr, böhtanlar uyduraraq onu vurmağa çalışır.
- Azərbaycandan repressiyaya məruz qalan qadınlar içərisində digər millətlərin nümayəndələri var idimi?
- Var idi, rus, tatar vardı. Təkcə erməni adına rast gəlməmişəm. Rus qadınları da çox sədaqətli olub. Hətta Zivər xanım bir rus qadını haqqında yazır ki, mənə bu kamerada işgəncə verirdilər, ona o biri kamerada. O rus qadın da sona qədər heç nə demədi, dözdü.
- Bu işgəncələrdən qaçmağın yolu yox idimi?
- Var idi. Deyirdilər ki, boşan, getmə sürgünə. Amma maraqlısı bundadır ki, qadınlar boşanmırdı, gedirdilər, o zülmü çəkirdilər, ancaq boşanmırdılar. Çünki boşananda qadın ərinin familiyasından da çıxırdı. Onlar ərlərinin soyadlarından da imtina etmək istəmirdi. Deyə bilmərik ki, heç biri ərindən imtina etməyib, içlərində beş-altı nəfər buna gedən olub, ancaq çox az. Sizə bir şey də deyim. Rusiyada güllələnən qadın çox az idi. Həyat yoldaşları güllələnən qadınları, əsasən, ya Sibirə ya da Qazaxıstana sürgünə göndərirdilər. Bunlar məhbus qadınlar idi. Qanun var idi ki, belə qadınlara beş ildən səkkiz ilə qədər iş düşürdü. Çünki onlar Sovet dövrü əleyhinə iş aparmayıb. Mən baxanda gördüm ki, Azərbaycan qadınlarının çoxuna səkkiz il iş verilib. O biri xalqın nümayəndələrinə isə çox vaxt beş il iş verilirdi. DTX arxivindən bunun da səbəbini öyrəndim. Ona görə belə olub ki, bu işləri aparanların çoxu erməni idi.
- Sovet rejimi öz yetişdirdiyini özü asanlıqla, hər an yeyə bilərdi. Məgər Ayna Sultanova, Ceyran Bayramova kimi ağıllı qadınlar bunu bilmirdi, yoxsa bu həqiqəti görmək istəmirdilər?
- Bunun əsas səbəbini deyim. Bolşeviklərin proqramı ideal proqram idi. O proqram ideal bir cəmiyyət vəd edirdi ki, onu oxuyan adamda o cəmiyyətin qurulmasında bilavasitə iştirak etmək istəyi baş qaldıra bilərdi. Ancaq o proqram yerinə yetirilmədi, dəyişdirildi. Beləcə çox adam aldandı, çox.
Tarixçilik prinsipi deyilən bir anlayış var. Bu prinsip o deməkdir ki, sən bütün tarixi hadisələrə dövrünün gözü ilə baxırsan. O dövrdə qadınların insan içində ağzını açıb danışmaq hüququ belə yox idi. Siz təsəvvür edin ki, dediyiniz qadınlar belə bir dövrdə hansı işləri görüb. Onların üzündə yazılıb ki, hansı işgəncələrdən keçiblər. Heç kişilərin çoxu o dövrdə verilən işgəncələrə dözə bilmirdi. Qadınlarda isə çox güclü iradə olub, onlar sonadək dözüblər.
- Repressiya qadınlarını bir sözlə ifadə etməli olsaydınız, bu, hansı söz olardı?
- Onlar çox güclü qadınlar idi, çox güclü...