• 27 Yanvar 2022
logo
Ali məktəblərə ixtisas seçimi: arzular və reallıqlar...

Ali məktəblərə ixtisas seçimi: arzular və reallıqlar...

Ən uğurlu seçim bilik və bacarıqlara, ailənin imkanlarına, əmək bazarının tələblərinə uyğun perspektivli peşələrə yiyələnməkdir

Hazırda ali məktəblərə tələbə qəbulu üzrə ixtisas seçimi aparılır, avqustun 20-dən start götürən bu proses avqustun 30-dək davam edəcək. Bütün proses elektronlaşdırılıb və Dövlət İmtaham Komissiyasının (DİM) rəsmi internet saytı vasitəsilə aparılır. Pandemiya şəraitini nəzərə alsaq, hər halda bütövlükdə götürdükdə DİM-in bu sahədəki fəaliyyətini uğurlu və şəffaf saymaq olar. Ötən il pandimiya səbəbindən imtahanlar bir qədər geç keçirilsə də, bu il bütün imtaham prosedurları qrafikə uyğun olaraq aparılıb. Əslində ən ağır praktiki mərhələ geridə qalıb. Hazırda ixtisas seçimi üzrə ərizə qəbulu aparılır, nəticələrin – ali məktəblərə qəbul olanların adlarının açıqlanması isə sentyabrın 3-4-nə gözlənilir.
İndiki mərhələdə abituriyentləri və onlarının valideynlərini daha çox düşündürən məsələ ixtisas və ali məktəblərin seçimidir. Unutmaq olmaz ki, abituriyentlər indiki seçimləri ilə həm də gələcək həyatlarını, fəaliyyət sferalarını, karyeralarını seçmiş olurlar. Təshil xərc tələb edən sahədir. Bu prosesdə valideynləri övladlarının peşə seçimində gələcək taleyi ilə yanaşı təhsillərini dövlət sfarişli əsaslarla, yəni pulsuz, həm də dövlət ali məktəblərində davam etdirmələri düşündürür. Çünki təhsil haqları heç də hər ailənin cibinə uyğun deyil. Hazırda paytaxtda yerləşən əsas aparıcı universitetlərdə təhsil haqqı 1800-6000 manat arasında dəyişir. Hətta bəzi özəl universitetlər bu il təhsil haqlarını 20-25% artırıblar. 4 il ali təhsil üçün ortalama 8-12 min manat ödəməklə yanaşı, həm də tələbənin yaşayış xərclərini də nəzərə alsaq, bu xərclərin öhdəsindən gəlmək indiki pandemiya şəraitində heç də asan məsələ deyil. Region universitetlərində təhsil haqları 1200 manatdan başlayır. Xərclər baxımından imkansız ailələr üçün regionlarda yerləşən ali məktəbləri seçmək daha əlverişlidir.
Ödənişli ixtisaslara qəbul olanlar bu tədris ilindən etibarən ilk dəfə təhsil kreditlərindən də istifadə edə bilərlər. Bu məqdədlə nizamnamə kapitalı 80 milyon manat olan Təhsil Tələbə Krediti Fondu yaradılıb. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər. Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək. Fond tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil kreditində faiz dərəcəsi çox az olacaq. Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə-hissə Fonda qaytara biləcək. Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək. Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər. Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq. Kredit yalnız ölkə daxilində ali təhsilə verilir. Bununla yanaşı, yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək. Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.
Hər halda son illər hökumət dövlət sifarişli yerlərin sayını artırıb və bu il də bu ənənə davam etdirilib. Ötən illə müqayisədə ümumilikdə dövlət sifarişli yerlərin sayı 5 faiz, yəni 1185 yer çoxalıb. I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 820, IV qrup üzrə isə 75 yer artıb. Bu isə daha 1185 tələbənin pulsuz təhsil almaq imkanlarının olması deməkdir.
Abituriyentlərin ixtisas seçimi zamanı arzu etdikləri ixtisasları seçməyə üstünlük verməlidirlər. Əlbəttə, bir çox hallarda, arzularla reallıqlar üst-üstə düşmür. Belə halda, praktiki mümkün variantları seçmək və düzgün qiymətləndirmək tövsiyyə olunur. Xüsusən ixtisas seçimi zamanı yalnız yaxın 5 ilin deyil, yaxın onilliklərin pristijli, təlabat yüksək olacaq ixtisaslarını, habelə əmək bazarının sürətlə dəyişən tələblərini nəzərə almaq vacibdir. Qeyd etmək vacibdir ki, gələcək biliklər iqtisadiyyatı üzərində qurulacaq və informasiya texnologiyaları, tibb, mühəndislik ixtisaslarına tələb daha yüksək olacaq. Texniki elmlərin gələcəyi daha perspektivli görünür. Daha bir mühüm məqam ondan ibarətdir ki, nəhayət, gənclərin və valideynlərin məqsədi diplom əldə etmək deyil, hər hansı bir sənətə, peşəyə peşəkarcasına yiyələnmək olmalıdır. Əlbəttə, diplom olmalıdır, ancaq peşəkar mütəxəssis olmaq da vacib amildir. Diplom almaq xatirinə ali məktəblərin qapılarında illəri boş-boşuna keçirmək, bu məqsədə böyük vəsait xərcləmək, kənd yerlərində mal-qaranı, torpaq sahələrini, yəni olan-qalanı satmaq heç ağlabatan deyil. Ən yaxşısı bilik və bacarıqlara, ailənin imkanlarına, əmək bazarının tələblərinə uyğun, gələcəyi, perspektivi olan ixtisaslara, sənətə, peşəyə yiyələnməkdir.
Bəs, abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət yetirməlidirlər? Bu il bütün qruplar üzrə keçirilmiş imtahanların statistikası açıqlanıb. İlk növbədə ötən il ixtisaslar üzrə hansı keçid ballarının formalaşmasına fikir vermək lazımdır. Bu il toplanmış bal və real müsabiqə vəziyyəti müqayisə olunmalıdır. Ümumi yanaşma belədir ki, abituriyentlərin topladıqları bal ilə, seçmək istədikləri ixtisasın ötən ilki balları arasında fərq 10-15 bal fərq aşağı və ya yuxarıdırsa, həmin ixtisasları seçmək olar. Lakin keçid balları abituriyentin topladığı baldan kəskin fərqlənirsə, məsələn 20-50 baldan çox fərq varsa, həmin ixtisasa qəbul olmaq şansı çox azdır. Hər halda qruplar üzrə vəziyyət fərqlidir. Tələbə adı qazanmaq üçün 1 və 2-ci qruplarda vəziyyət nisbətən daha yaxşıdır, pulsuz yerlərin sayı artırılıb, plan yerləri və seçim imkanları daha çoxdur, 3 və 4-cü qrupda isə həm ballar yüksəlib, həm də müsabiqə şərtləri baxımından rəqabət daha yüksəkdir.
I ixtisas qrupunda plan yerləri 5,5% artıb. DİM-in açıqlamasına görə, plan yerlərinin artması müəyyən ixtisaslarda keçid ballarının aşağı formalaşmasına təsir edə bilər. Plan yerlərindən əlavə ötən il və builki abituriyentlərin nəticələrini də müqayisə etmək lazımdır. Bu qrupda bu il müsabiqəyə buraxılanların sayı 321 nəfər azdır. Lakin ballar üzrə histoqramın yuxarı hissəsini müqayisə edəndə 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayının ötən ilə nisbətən 29 nəfər çoxdur. Bu o deməkdir ki, ötən il keçid balı 600 baldan yuxarı formalaşan ixtisaslarda müsabiqə vəziyyəti bu il də yüksək olacaq. 500 və daha yuxarı bal toplayanların sayına baxdıqda isə bu il 9 nəfərin azaldığını görürük. Bu isə o deməkdir ki, həmin ixtisaslarda keçid balları daha aşağı formalaşa bilər. Beləliklə, I ixtisas qrupunda yalnız ötən il 600 baldan yuxarı keçid balı formalaşan ixtisasların müsabiqə vəziyyətinin sərtləşəcəyini söyləmək olar. Digər ixtisaslar üzrə keçid ballarının aşağı formalaşacağı proqnozlaşdırılır. I ixtisas qrupunda dövlət sifarişli 10112 yerə qarşı 200 baldan yuxarı nəticə göstərən 9866 abituriyent var ki, onların da hamısının dövlət sifarişli yerlərdə oxumaq şansı var. Bundan əlavə, bu il I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayının artması 8,8% (820 yer) nəticəsində daha çox dövlət sifarişli yerlərə qəbul olmaq mümkündür.
Bu il ən aşağı müsabiqə vəziyyəti vəziyyəti II ixtisas qrupunda formalaşıb. Ümumiyyətlə II ixtisas qrupunda 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların hamısının ali təhsil müəssisələrinə qəbul olmaq şansı var. Bu qrupda subbakalavrların da şanslarını yüksək qiymətləndirmək olar. Amma II ixtisas qrupunda da keçid balları müxtəlif ixtisaslar üzrə fərqlədir. Ən gərgin müsabiqə vəziyyəti III ixtisas qrupunda yaranıb. Burada dövlət sifarişli yerlərdə oxumaq üçün ən azı 400 baldan yuxarı nəticə göstərmək lazımdır.
IV ixtisas qrupunda bu il 600 baldan yuxarı nəticə göstərənlərin sayı artıb. Ötən il 356, bu il isə 408 nəfər 600 və daha yuxarı bal toplayıb. Bu o deməkdir ki, ötən il 600-dən yuxarı keçid balı olan ixtisaslarda bu il müsabiqə vəziyyəti daha da yüksək olsun. Tibb Universitetinin yüksək reytinqli ixtisaslarına keçid ballarının artacağı gözlənilir. 500 baldan yuxarı nəticə göstərənlər də bu il çoxdur, onların sayı 171 nəfər artıqdır. Bu da tibb ixtisaslarına dövlət sifarişli yerlər üzrə qəbul zamanı balların artmasına səbəb olacaq.

Mahir Həmzəoğlu