• 29 Mart 2024
logo
İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir

İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir

Şabran şəhərinin sakinləri bundan məhrumdurlar

Ölkə ərazisində məişət tullantılarının günbəgün artması halları müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi buna qarşı mübarizə aparıb, məişət tullantılarını atanları cərimələsə də, problem öz həllini tapmır. Xüsusilə də bölgələrdə bu problem daha qabarıq formadadır. Ölkənin müxtəlif rayon və kəndlərində məişət tullantılarının daşınmas sistemi mövcud olmadığı üçün insanlar məcbur qalıb, zibilllərini küçələrə, çaylara, göllərə, meşələrə atırlar. Bu isə ümumilikdə mövcud vəziyyəti daha da ağırlaşdırır. Çox vaxt isə yandırılır.
Məişət tullantıların yandırılması da qeyri-qanunidir. Ekspertlərin fikrincə, qanun icazə vermir ki, məişət tullantıları açıq havada yandırılsın. Tullantılar ancaq qapalı şəraitdə, xüsusi texnologiya ilə yandırıla bilər. Ekoloqların fikrincə isə ilk baxışdan təhlükəsiz sayılan məişət tullantıları — polietilen paketlər, su qabları yandırılaraq məhv edildikdə tərkibindən dioksinlər, furanlar və befinillər ayrılır. Onlar da kanserogen, terotegen, embiriogen xassəyə malikdir. Ən güclü zəhər isə tetraxlordibenzo-para-dioksindir. Oksigen olmadıqda bu birləşmələr asanca dioksinlərə çevrilə bilən befinillər sinfinə aid olur. Dioksinlər isə çox dayanıqlı ksenobiotiklərdir, yəni canlı orqanizmlər üçün arzuolunmaz maddələrdir. Onlar canlı orqanizmin hüceyrələrinin nüvəsinə asan nüfuz edir. Nüvənin daxilində bir tərəfdən hormonları, vitaminləri, və s. çox asan dağıdırlar, digər tərəfdən də kanserogenləri, neyrotoksiki zəhərləri aktivləşdirirlər. Hətta bir çox təhlükəsiz birləşmələri belə çox zəhərli birləşmələrə çevirirlər. Görünür, dioksinlərlə zəhərlənmiş orqanizmlərin təbiətin, fiziki, kimyəvi, bioloji stress təsirlərinə çox yüksək həssaslıq göstərməsi bununla izah olunur.
İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.
Ətraf mühit insan orqanizminin sağlamlığına daim təsir edir. Bizim fərdi sağlamlığımız əsasən ehtiyatlı davranışdan, irsiyyətdən, fəaliyyətimizdən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sanitariya yardımının əlçatanlığından asılıdırsa, əhalinin davamlı sağlamlığı üçün biosferin “sağlam” olması zəruridir.
Bu dəfə Şabrandan bəhs edəcəyik. Xəstəliyin, virusun tüğyan etdiyi bu dövrdə Şabran şəhərinin mərkəzi küçələrində zibilxanaların yaradılması sakinlər üçün real təhlükə mənbəyidir. Bu zibillikdə “koronavirus” nədir, “taun” xəstəliyi də tüğyan edir.
Şabran rayonun problemləri çoxdur, sadalamqla bitməz. Bu günün deyil, çoxdandan yığılıb qalıb. Ona görə ki, məmurlar kabinetlərindən çıxmırlar, özlərini qoruyurlar - yayda tərləməkdən, qışda soyuqlamaqdan.
Əgər kabinetlərində çıxıb vətəndaşlarla mütəmadi ünsiyyətdə olsaydılar o zaman problemlərdən agah olardılar, azından şəhərin zibilliklər məkanına çevrildiyini, yolların bərbadlığını görərdilər.
Görməyiblərsə və yaxud da görüb göz yumublarsa, hər iki halda yenə məsuliyyət daşıyırlar...
Şəhərin mərkəzi - ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektin zibilliyə çevrilməsi sakinlərin haqlı narazılığına və narahatlığına səbəb olub. On illərdir prospektin Ordubadi adına küçə ilə kəsişən nöqtəsində iki yararsız zibil qutusu qoyulub. M.Ə.Sabir, Ordubadi, Z.Əliyeva, Ü.Hacıbəyov adına küçələrin və sözügedən prospektin sakinləri, ətrafda fəaliyyət göstərən mağaza və iaşə obyektlərinin bütün məişət tuallantıları, hətta prospekti iki yerə bölən parkın tullantıları da bura tökülür.
Yayın istisində zibilin üfunəti, iylənməsi, milçəklər, sür-sümük üstündə pişiklərin dalaşması, gecələr itlərin boğuşması... küləkli havada zibil tullantılarının havada “rəqs etməsi”, ətrafa yayılması, daşınmayan zibillərin yağış suyunda "yuyun"ması... dəhşətli bir mənzərədir. Bura qoyun başı, mal içalatı, ölü pişik və toyuqları, qoyun dərilərinin atıldığını demirik... Zibil maşınından zibil suyunun yerə tökülməsindən asfaltın üzü qaralıb. İstidə həmin örtüyün qoxusu ətrafı bürüyür.
Səhər saat 7 radələrində zibil yığanlar yararsız, təkərsiz qutularını asfalt üzərində zibil maşınına sürükləyib "həyacan siqnalı"nı verməklə ətrafda yaşayanları yuxudan hövlanak oyadırlar.
Bütün bu səs-küydən, üfunətdən, cəhənnəmdən uzaq olanlar arasında başçı və onun şəhər üzrə nümayəndəsi də var. Hansılar ki, bu problemin həllində birbaşa məsuliyyət daşıyırlar. Vətəndaşlar burada üfunətdən, çirkabdan, milçək əlindən həyətlərində otura bilməyəndə, onlar rahat şəkildə kondisionerli kabinetlərdə əyləşirlər, sübh tezdən "həyacan siqnalı"na yuxudan oyananda, onlar şirin yuxuda olurlar.
Dövlət idarə və strukturlarının əksər hissəsi bu prospektdə yerləşir. Hər gün bu yolla başçı, müavinləri, şöbə rəisləri, idarə müdirləri işə gedib, gəlirlər. Bu acınacaqlı mənzərəni görməmək mümkün deyil. Acınacaqlı vəziyyət prospekt boyuncadır.
Problemdən İcra Hakimiyyətinin rəsmiləri və başçının şəhər üzrə nümayəndəsinin də xəbəri var. Amma nə fayda...
Problem sosial şəbəkələrdə ictimailəşdirildikdən sonra çıxış yolu kimi daha iki yararsız zibil qutusunu gətirib bura qoymaqla zibilliyin sahəsini genişləndirdilər. Sakinlər hələ də məmurlara başa sala bilmədilər ki, prospektdə xoşagəlməz halların yaranmasına rəvac verməyin, şərait yaratmayın. Zibil qutularının sayını artırmaqla zibilliyin masştabının böyüməsinə şərait yaradırsız. Zibil qutularının yerini dəyişin, ətrafda (20-25 metrlik məsafədə) münasib, qapalı yerlər çoxdur. Bura əlavə iki qutu qoymaqdansa, o qutuları zibil qutusu olmayan küçələrə paylaşdırın.
Nə fayda... 4 qutu da dolub, daşdı... Vətəndaş məsuliyyətsizliyi də məmur məsuliyyətsizliyinə qovuşdu. Zibil dolu bağlamalarını yerə atılır, bu azmış kimi, yararsız təsərrüfat malları, şifer, metallar, polietilen qablar, maşın təkərləri, ağac budaqları.... bir sözlə, kimin əlinə nə keçir gətirib bura atır. İş o yerə çatıb ki, maşınla prospekt boyunca hər iki istiqamətdə hərəkət edən sürücülər yolüstü saxlayıb elə pəncərədən zibil bağlamalarını bura tullayırlar. Zibil qutuları tam təmizlənmədiyindən üfunət gün ərzində qalır.
Bu yerdən yüz və iyirmi metr məsafələrdə daha bir neçə zibil qutular qoyulub ki, onlar da ətrafda yaşayanların narahatlığına, narazılığına səbəb olub. Zibil qutularının prospektin görünən yerlərində qoyulmasının nə məqsəd daşıdığı məlum deyil. Zibil daşıyan maşının rahatlığı üçün yüzlərlə sakinin narahat və narazılığına səbəb olurlar.
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində yazılıb: "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır". Bizi bu hüquqdan məhrum ediblər. Hətra prospektin aşağı hissəsi - Əlillər üçün tikilən binanın qarşısında zibillər daşımır, yandırılır. Bu da qanun pozuntusudur.
Məmurlar vətəndaşların hüquqlarını pozur, qanun aliliyinə hörmətlə yanaşmırlar. Hər gecə ətraf küçələrdən uzun bir yol qət edib bura zibil atmağa gələn yaşlı qadınlarımızı, xanımlarımızı fikirləşmirlər. Onlar da narazıdırlar ki, niyə 100-ə yaxın sakinin yaşadığı küçəyə bir zibil qutusu belə qoyulmur. Sakinlər zibilliklər in əhatəsindədirlər. Məmurlar koronavirusun yayıldığı bir vaxtda zibilliklərin ətraf mühitə, insan orqanizminə vurduğu ziyanın fərqində deyillər. Belə acınacaqla vəziyyət təkcə söz açdığımız prospektdə yox, şəhərin bütün küçələrində hökm sürür…
Cənab Prezidentin "Heç kim toxunulmaz deyil" mesajını unudub, özlərini toxunulmaz şəxslər hesab edirlər.
Cənab Prezidentimiz çıxışlarınızın birində vurğulayıb: "İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir..."
Vətəndaşa xidmət etmək, onun hüquqlarını qorumaq, problemləri ilə maraqlanmaq, onları həll etmək məmurların borcudur, bunu onlardan heç kim xahiş etməməlidir. Belə məmurlar problemi görüb həll etməməklə vətəndaşları dövlətdən, hakimiyyətdən narazı, incik salırlar.
Cənab Prezident 20 iyul 2017-ci ildə Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mənzillərin paylanması mərasimində deyib: "... Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.."
Bir vətəndaş, jurnalist kimi cəmiyyəti incidən, vətəndaşları narazı salan problemləri dəfələrlə ictimailəşdiririk, amma təəssüflər olsun ki, bəzi məmurlarımız buna reaksiya vermirlər, vətəndaşların konstitusion hüquqları qorunmur. Cənab Prezidentimizin məmur-vətəndaş münasibətləri ilə bağlı tövsiyələri qulaqardına vurulmamalıdır.

Cavid