• 21 Yanvar 2022
logo
Mehriban Vəliyeva: "Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib"

Mehriban Vəliyeva: "Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib"

“Hədəfimiz, bütün səylərimiz ona yönəlib ki, ənənəvi təhsil bərpa olunsun, yenə tədris ocaqlarımız əvvəlki qələbəliyini yaşasın. Övladlarımız doğma məktəblərindən, sevimli müəllimləri, məktəb yoldaşları ilə canlı ünsiyyətdən uzaq qalmasınlar”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib: "Əlbəttə ki, bu arzuya gedən yol da kütləvi vaksinasiyadan keçir. Müəllim həmişə yolgöstərən, maarifləndirən olub və bu, bu gün də belədir. Bu baxımdan bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir. Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər.
Bir məsələni də qeyd edim ki, tədris müəssisələrində heyət üzvlərindən vaksin vurulmuş şəxslərin vaksin pasportlarının, koronavirus infeksiyasına yoluxma səbəbilə vaksin vurulmayan şəxslərin immunitet sertifikatlarının və əks-göstərişi olan şəxslərin əks-göstəriş sertifikatlarının tələb olunması müzakirə edilir. Düşünürəm ki, müvafiq tədbirlər ümumi məqsədlərə xidmət etməklə yanaşı, həm də təhsilalanlar və təhsilverənlər üçün daha səmərəli tədris mühitinin yaradılmasına xidmət edəcək.
Bizim üzərimizə düşən isə normal həyata qayıtmaq üçün vaksinasiya prosesində fəal iştirak etməkdir. Unutmayaq ki, virus alacağımız tədbirlərdən daha güclü deyil. Alacağımız ən böyük tədbir isə peyvənd olunmaqdır. Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq".
M.Vəliyeva son zamanlar ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə valideyləri vaksin olunmayan şagirdlərin məktəbə buraxılmayacağı məsələsinə aydınlıq gətirib: “Məsələyə Təhsil Nazirliyi rəsmi olaraq açıqlama verdi, aydınlıq gətirdi. Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır. Ona görə də əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram. Paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının əyani tədrisə keçidi sürətləndirəcəyinə ümidlərimiz sonsuzdur. Hər kəs öz cəbhəsindən bu işə dəstək olarsa, vaksinasiya prosesinə fəal qoşularsa normal həyata qayıtmağımız yolunda yaşıl işıq yanacaq”.